Görkəmli azərbaycanlı dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, həm Azərbaycan, həm də SSRİ Dövlət Mükafatları laureatı Niyazi Tağızadə-Hacıbəyovun vəfatından 41 il ötür.
“Tehsil365” xəbər verir ki, onun xatirəsini anmaq məqsədilə Niyazinin mənzil-muzeyinin əməkdaşları – Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin filialı, eləcə də ictimaiyyət nümayəndələri Fəxri Xiyabana gələrək maestro-nun məzarını ziyarət ediblər.
Muzey həmin günü “Açıq qapı” aksiyası ilə də qeyd edib. Muzeyin Musiqisevərlər Klubunun üzvləri anım tədbirlərində iştirak edərək Niyazinin irsi ilə daha yaxından tanış olublar. Ziyarətçilərə bəstəkarın həyatı və yaradıcılıq yolu haqqında ətraflı məlumat verilib, onun musiqi əsərlərindən ibarət sənədli filmlər, video-konsertlər və kadrlar nümayiş olunub.