Mingəçevir Dövlət Universitetində tələbələrin sosial fəallığını artırmaq, onların yaradıcılıq potensialını üzə çıxarmaq və asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində müxtəlif klublar fəaliyyət göstərir.
Bu barədə “Tehsil365”ə Mingəçevir Dövlət Universitetindən məlumat verilib ki, TGT tərəfindən təşkil olunan bu klublar tələbələrin komanda ruhunu gücləndirməklə yanaşı, liderlik bacarıqlarının inkişafına da töhfə verir. Rəqs, teatr, debat, könüllülük, kitab, idman, media, intellektual oyunlar, musiqi və digər maraq dairələrini əhatə edən fəaliyyətlər sayəsində tələbələr universitet həyatını daha rəngarəng və yaddaqalan şəkildə yaşayırlar.
MDU tələbələrə yalnız akademik bilik qazandırmaqla kifayətlənmir, eyni zamanda onların şəxsi inkişafına da xüsusi diqqət yetirir. “MDU-da təkcə oxumursan, həm də inkişaf edirsən!” şüarı ilə təşkil edilən bu fəaliyyətlər universitet mühitində aktiv və məqsədyönlü gənclərin formalaşmasına şərait yaradır.
Tələbəlik illərini dolğun yaşamaq, sosial çevrə qazanmaq və özünü müxtəlif sahələrdə sınamaq istəyən hər bir gənc üçün MDU geniş imkanlar təqdim edir.