Dünya Bankı, Qrupu, inkişaf etməkdə olan 85 ölkədə təhsilin ən böyük maliyyələşdiricisi kimi fəaliyyət göstərir və 2030-cu ilədək bütün insanlara keyfiyyətli və inklüziv təhsil imkanları yaratmaq üzrə Dayanıqlı İnkişaf Məqsədi 4-ün (SDG4) həyata keçirilməsinə dəstək verir.
"Tehsil365" Word Bank Group-a istinadən xəbər verir ki, təhsil, yoxsulluğun azaldılması və dayanıqlı inkişaf üçün əsas vasitədir. Hər əlavə təhsil ili fərdi əmək haqqını təxminən 10% artırır və bu, iqtisadi inkişaf, sosial ədalət və gender bərabərliyinin təmin edilməsində mühüm rol oynayır.
Lakin dünya üzrə 250 milyondan çox uşaq məktəbə getmir, xüsusilə az gəlirli ölkələrdə uşaqların böyük əksəriyyəti əsas oxu və anlama bacarıqlarından məhrumdur. Bu problemin dərinləşməsində COVID-19 pandemiyasının yaratdığı məktəb bağlanmaları və iqlim dəyişikliklərinə bağlı təbii fəlakətlər də böyük rol oynayıb.
Dünya Bankı, təhsilə ayrılan maliyyənin az olmasına baxmayaraq, ölkələrə müasir bilik və bacarıqları qazandırmaq üçün innovativ layihələr həyata keçirir. Məqsəd, uşaqların erkən yaşlardan başlayaraq təhsildə uğur qazanmaları, peşə və texniki biliklərlə iş bazarına hazırlanmaları və həyat boyu öyrənməyə davam etmələridir.
Qurum, 26.5 milyard dollarlıq təhsil portfeli ilə 305 milyon tələbənin təhsil imkanlarını genişləndirməkdədir. Təhsilə investisiya gələcək nəsillərin rifahı və ölkələrin davamlı inkişafı üçün ən səmərəli yoldur.