İtaliyanın şimalındakı Dolomit dağlarında yerləşən məşhur təbiət mənzərələri artıq sadəcə təbiət həvəskarlarının yox, həm də sosial media turistlərinin hədəfinə çevrilib. Lakin bu axın bölgədə yaşayan fermerlər üçün ciddi narahatlığa səbəb olub. İtaliyanın Alto Adige bölgəsindəki fermerlər, özəl torpaqlarından keçərək foto çəkdirmək istəyən turistlərə qarşı tədbir görməyə başlayıblar – onlar məşhur “Instagramlıq” nöqtələrə giriş üçün turnikələr quraşdırıb və ziyarətçilərdən 5 avro (təxminən 6 dollar) tələb edirlər.
"Tehsil365" CNN-in yaydığı məlumata görə bildirir ki, əsas hədəf Seceda və Drei Zinnen (Üç Zirvə) kimi məşhur dağ nöqtələridir. Sosial mediada gündəlik 4.000 nəfərə qədər ziyarətçinin uzun növbələrdə gözlədiyini əks etdirən görüntülər yayılır. Lakin bu görüntülər insanları çəkindirmək əvəzinə daha da cəlb edir.
Alto Adige Alp Klubunun rəhbəri Carlo Zanella vəziyyətdən narazıdır. O bildirir ki, dağlara hazır olmayan, flip-flop və çətirlə gələn turistlər təhlükə altındadır. “Əvvəllər dağlara gələnlər hazırlıqlı, xəritələrlə gəlirdilər. İndi isə insanlar teleferikin saatlarını belə bilmir, dağda ilişib qalırlar,” – deyə Zanella vurğulayıb.
Fermerlər isə öz ərazilərinin zibilə çevrildiyini, evlərinin çirkləndirildiyini və insanların heç bir hörmət göstərmədiyini bildirirlər. Keçmiş milli snoubord idmançısı və eyni zamanda Seceda yaxınlığında torpaq sahibi olan Georg Rabanser deyib: “Biz sadəcə yardım istəyirdik, amma səsimizə heç kim cavab vermədi. Ona görə də öz yolumuza davam edirik.”
İtaliya qanunları təbii parklara pulsuz giriş təmin etsə də, hazırda torpaq sahibləri tərəfindən quraşdırılan turnikələrə rəsmi müdaxilə edilməyib. Bu da tədbirlərin müvəqqəti olaraq tətbiq olunmasına şərait yaradır.
Bəzi turizm orqanları isə bu vəziyyətin şişirdildiyini düşünür. Santa Cristina Turizm Şurası bölgədə vəziyyətin sabitləşdiyini və zibil probleminin azaldığını bildirir. Onlar turistləri cığırlarla məhdudlaşdırmaq üçün park gözətçiləri təyin ediblər.
Bu arada, İtaliyanın digər bölgələrində də oxşar tədbirlər görülür. Monte Rosa dağında avtomobil parklarına məhdudiyyət qoyulub, Pian del Re bataqlığında yalnız 150 maşına icazə verilir. Braies gölündə isə turistlərin girişinə görə 40 avro ödəməsi tələb olunur.
Cənubi Tirol əyalətinin rəhbəri Arno Kompatscher isə hökuməti bu həssas dağ ekosistemlərini qorumağa və yerli əhalini turistlərə ev kirayələməkdən çəkindirməyə çağırır.