ABŞ-da miqrasiya mövzusunda sərtləşən siyasətlər, xüsusilə qanunsuz miqrantlara qarşı keçirilən reydlərin məktəblərə gedən şagirdlərin sayına ciddi təsir göstərdiyi üzə çıxıb. Mütəxəssislər və təhsil müdafiəçiləri əvvəldən belə reydlərin valideynlər arasında qorxu yaratdığını və bunun nəticəsində uşaqların məktəbə getməkdən çəkindiyini bildirirdilər.
"Tehsil365" EdSurge-ə istinadən xəbər verir ki, Stanford Universitetindən iqtisadçı Thomas Dee-nin araşdırmasına görə, Kaliforniyanın Central Valley bölgəsində qanunsuz miqrantlara qarşı aparılan reydlərin keçirildiyi dövrdə məktəb şagirdlərinin gündəlik davamiyyətində təxminən 22% azalma müşahidə olunub. Bu düşüş xüsusilə ibtidai sinif şagirdləri arasında daha çox olub və uzun müddət davam edib.
Araşdırmalar göstərir ki, bu kimi reydlərdən ən çox təsirlənənlər, əsasən kənd təsərrüfatı işlərində çalışan miqrant ailələrin uşaqlarıdır. Bu vəziyyət məktəb icmalarında həm təhsil prosesinə, həm də şagirdlərin psixoloji durumuna mənfi təsir göstərir. Ekspertlər bildirir ki, valideynlər uşaqlarını məktəbə göndərməkdən qorxur, uşaqlar isə özlərini məktəb mühitinə tam aid hiss edə bilmirlər.
Texas Tech Universitetinin təhsil üzrə mütəxəssisi Jacob Kirksey deyir ki, bu cür reydlər təbii fəlakətlərlə müqayisə oluna bilər, çünki onlar da şagirdlər arasında oxşar dərəcədə devamsızlıq və stress yaradır. Məsələn, 2018-ci ildə Texasda keçirilən böyük miqrasiya reydindən sonra məktəbə davamiyyət azalıb, şagirdlərin oxu və riyaziyyat göstəriciləri aşağı düşüb, həmçinin bir çox şagird ərazini tərk edib.
Bundan başqa, ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Dairəsi (ICE) əvvəllər məktəb, uşaq baxımı mərkəzləri və ibadət yerlərinin yaxınlığında reyd keçirməmək üçün müəyyən məhdudiyyətlərə malik olsa da, bu qaydalar Trump administrasiyası dövründə ləğv olunub, bu da qorxu mühitini daha da gücləndirib.
Uzunmüddətli perspektivdə bu vəziyyət, xüsusilə az gəlirli və miqrant ailələrdən olan uşaqların təhsil alma imkanlarını məhdudlaşdıraraq, məktəb sisteminə ayrılan maliyyə vəsaitlərinin azalmasına da səbəb ola bilər.