Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə 21–26 iyul 2025-ci il tarixlərində Dövlət Təhlükəsizliyi Xidmətinin Bilgəh İstirahət Mərkəzində keçirilən “Kiber Yay Məktəbi 2025”də Qarabağ Universitetinin mühəndislik fakültəsinin üç tələbəsi uğurla iştirak edib.
Bu barədə “Tehsil365”ə Qarabağ Universitetindən məlumat verilib ki, təlimlər Azərbaycan və ingilis dillərində aparılıb. Tələbələrdən ikisi Azərbaycan dili, biri isə ingilis dili qrupunda proqramı müvəffəqiyyətlə başa vuraraq sertifikatla təltif olunublar.
“Kiber Yay Məktəbi” çərçivəsində intensiv təlimlər, praktiki məşğələlər, “Capture The Flag” adlı kiber-yarış, ekspertlərlə görüşlər və master-klaslar təşkil olunub. Layihənin əsas məqsədi kibertəhlükəsizlik sahəsində ixtisaslı kadrların hazırlanması və gənclərin biliklərinin artırılmasıdır.
Qarabağ Universiteti tələbələrini təbrik edir, gələcək uğurlar arzulayır.