Qlobal dövrdə xarici dil bilmək yalnız akademik üstünlük deyil, həm də peşəkar zərurətdir.Lakin Azərbaycanda, xüsusən də orta məktəblərdə xarici dilin tədrisində əsasən qrammatika və məhdud söz ehtiyatı üzərində fokuslanılır.Danışıq bacarığı, dinləmə və spontan ifadə qabiliyyəti kimi praktiki yönlər çox vaxt diqqətdən kənarda qalır.
Xarici dil tədrisində danışıq və dinləmə bacarıqlarının ikinci planda qalması, yazılı testlərin üstünlüyü və real ünsiyyət mühitinin olmaması şagirdlərin dil öyrənmə motivasiyasına və nəticələrinə necə təsir göstərir?
Bu barədə təhsil eksperti Elçin Əfəndi “Tehsil365”ə açıqlamasında bildirib ki, xarici dil tədrisində danışıq və dinləmə bacarıqlarının yüksək inkişaf etməməsi, əvəzinə yazılı testlərin olması və test tapşırıqları üzərində bilik və bacarıqların qiymətləndirilməsi, şagirdlərin dil öyrənməsinə və ümumi təhsil göstəricilərinə mənfi təsir göstərir:
“Biz son illərdə görürük ki, istər ali təhsil müəssisələrinə qəbul imtahanlarında, istərsə də magistraturaya qəbul imtahanlarında tədricən danışıq və dinləmə istiqamətində ümumi qiymətləndirmə aparılır.
Həmçinin magistratura istiqamətində, məsələn, esse – yəni öyrəndiklərini bir növ ingilis dilində yazmaq bacarığı da yoxlanılır və bu mexanizmin tətbiqini artıq müşahidə edirik”.
Elçin Əfəndi son olaraq qeyd edib ki, əlbəttə, bütün bunlar tədricən təhsil müəssisələrində də tətbiq olunarsa, qiymətləndirmə zamanı bu bilik və bacarıqlar ölçülərsə, o zaman xarici dilin öyrənilməsində müəyyən qədər irəliləyişə nail ola bilərik.