İngiltərə və Uelsdə bakalavr pilləsində təhsil alan tələbələr üçün illik təhsil haqqı 2017-ci ildən sonra ilk dəfə artırılaraq 9.535 funt sterlinqə çatdırılıb.
"Tehsil365" BBC-nin məlumatına istinadən xəbər verir ki, bu artım universitetlərin maliyyə çətinliklərinə görə daha çox dəstək tələbi ilə bağlıdır.
Həmçinin, tələbələr üçün gündəlik yaşayış xərclərini qarşılayan "baxım krediti"ndə də artım edilib. Məsələn, Londondan kənarda yaşayan tələbələr üçün bu kreditin maksimum məbləği 10.227 funtdan 10.544 funt sterlinqə yüksəlib. Təhsil Nazirliyi bu qərarın inflyasiya ilə uyğun şəkildə atıldığını açıqlayıb.
Ölkədə fəaliyyət göstərən Tələbə Ofisinin may ayındakı xəbərdarlığına görə, 2025-ci ilin yayına qədər universitetlərin 40%-dən çoxunun maliyyə çatışmazlığı yaşaması gözlənilir. Beynəlxalq tələbələrin sayında azalma və yüksək inflyasiya universitetlərin gəlirlərini azaldıb.
İskoçya və Şimali İrlandiyada isə təhsil haqları fərqli təyin olunur. İskoç tələbələr üçün təhsil əksər hallarda pulsuzdur. Şimali İrlandiyada isə yerli tələbələr üçün illik ödəniş 4.855 funt, digər Böyük Britaniya vətəndaşları üçün isə 9.535 funt sterlinqdir.
Tələbə yaşayış xərcləri də son illərdə kəskin artıb. Son araşdırmalara əsasən, universitet şəhərlərində tələbələrin orta illik kirayə haqqı 2021-2022-ci tədris ilində 6.520 funt idisə, bu rəqəm 2023-2024-cü ildə 7.475 funta yüksəlib. Bəzi şəhərlərdə bu göstərici daha da yüksək olub — Bristolda 9.200 funt, Londonda isə 13.595 funt təşkil edib.
Eyni zamanda, tələbələrin yarıdan çoxu – 2025-ci il tələbə sorğusuna görə 68%-i – tətil dövrlərində əlavə işlərdə çalışaraq dolanmağa çalışır. Aylıq orta əlavə xərclər (qida, nəqliyyat, dərs materialları və s.) isə təxminən 564 funt sterlinqə çatır.
İngiltərədə tələbələr təhsil haqlarını və yaşayış xərclərini qarşılamaq üçün kreditlərdən istifadə edirlər. Geri ödəniş qaydaları isə 2023-cü ildən dəyişdirilib və yeni qaydalara görə borcun ödənişi daha uzun müddətə yayılır. Bu da aşağı və orta gəlirli ailələrdən olan məzunlar üçün minlərlə funt əlavə xərc deməkdir. Hazırda İngiltərədə məzunların ortalama borcu 53.000 funt sterlinqə bərabərdir.