Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti mərhələsi – müsahibə mərhələsi baş tutub.
“Tehsil365”ə Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib ki, müsahibə Abşeron-Xızı RTİ-nin inzibati binasında təşkil olunub. Test imtahanı mərhələsində yüksək bal toplamış namizədlər nəticələrə əsasən müsahibəyə dəvət edilib.
Müsahibə zamanı iştirakçıların peşə keyfiyyətləri, o cümlədən məktəbəqədər təhsillə bağlı qanunvericiliyi bilmə səviyyəsi, məşğələnin təşkili metodikası, nağıletmə və şeir söyləmə bacarığı, eləcə də ümumi dünyagörüşü qiymətləndirilib. Eyni zamanda namizədlərin psixoloji hazırlığı, ünsiyyət və təqdimetmə bacarığı, praktiki bilikləri və şəxsi keyfiyyətləri də nəzərdən keçirilib.
Qeyd edək ki, müsahibənin nəticələri ilə bağlı məlumat namizədlərin əlaqə nömrələrinə SMS vasitəsilə göndərilib.