Aqrokimya - kənd təsərrüfatı ilə kimya elminin qovşağında formalaşan mühüm ixtisas sahəsidir.
"Təhsil365”in araşdırmasına görə, kənd təsərrüfatının elmi əsaslarla idarə olunması üçün aqrokimya ixtisası strateji əhəmiyyət daşıyır. Bu ixtisas əsasən Azərbaycan Dövlət Aqrar Universitetində (Gəncə şəhərində) tədris olunur və kənd təsərrüfatının davamlı inkişafı üçün mütəxəssislər hazırlayır.
Aqrokimya nədir?
Aqrokimya – torpaq, gübrə, bitki və ətraf mühit arasında baş verən kimyəvi prosesləri öyrənən elmi sahədir. Aqrokimya mütəxəssisləri bitkilərin qida maddələrini necə qəbul etdiyini, gübrələrin təsirini, torpağın kimyəvi tərkibini və məhsuldarlığa təsir edən faktorları araşdırır. Tədris zamanı öyrədilən əsas sahələr: torpaq kimyası və aqrokimya, bitki qidalanması və gübrələmə sistemləri, gübrə texnologiyaları və onların tətbiqi, torpaqda maddələr dövranı və çirklənmənin qarşısı, zəhərli maddələrin təbiətə və məhsula təsiri, tələbələr həm nəzəri biliklərlə yanaşı, laboratoriya təcrübələri və sahə praktikasında da iştirak edirlər. Təhsil müddəti 4 ildir (bakalavr səviyyəsində).
Bəs bu ixtisası bitirən məzunlar nə iş görür?
Aqrokimya üzrə təhsil alan məzunlar bu sahələrdə çalışa bilərlər: torpaq və gübrə laboratoriyaları, kənd Təsərrüfatı Nazirliyi və aqrar elmi-tədqiqat institutları, fermer təsərrüfatlarında aqrokimyəvi müşavir, ekoloji monitorinq mərkəzlərində mütəxəssis, bitkiçilik və qida təhlükəsizliyi sahəsində ekspert, eləcə də magistratura və elmi fəaliyyətlə məşğul ola bilərlər.
Niyə bu ixtisas regionda vacibdir?
Torpaq ehtiyatlarının düzgün istifadəsi regionlarda birbaşa məhsuldarlığa təsir göstərir. Gübrələrin elmi əsaslarla tətbiqi məhsulun keyfiyyətini və miqdarını artırır. Ətraf mühitin kimyəvi çirklənmədən qorunması üçün peşəkar aqrokimyaçılara ehtiyac var.
Nəticə etibarilə, aqrokimya ixtisası kənd təsərrüfatının elmi dayaq sütunlarından biridir. Torpaqla işləməyi sevən, təbiətlə maraqlanan və analitik düşüncəyə malik gənclər üçün bu sahə həm peşəkar inkişaf, həm də cəmiyyətə faydalı olma imkanı yaradır.

