Avqustun 1-də Seul Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin professoru, Koreya İqtisadiyyatı və K-Akademik Araşdırmalar Mərkəzinin (KEKA – Center for Korean Economy and K-Academics at Seoul National University) rəhbəri Co Yonq Cun Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsini və Koreya Araşdırmalar Mərkəzini ziyarət edib.
Bu barədə ADU-dan “Tehsil365”ə bildirilibki,səfər çərçivəsində professor Co Yonq Cun ADU-nun Müasir dillər və Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının Koreya dili müəllimləri, Bakı Dövlət Universitetinin Koreyaşünaslıq fakültəsinin nümayəndələri, eləcə də Xırdalan Seconq İnstitutunun koreyalı müəllimi ilə görüş keçirib.
Görüş zamanı KEKA mərkəzinin fəaliyyəti və son akademik təşəbbüsləri təqdim olunub. Xüsusilə onların yaratdığı onlayn platforma və bu platformada yerləşdirilən Koreya iqtisadiyyatı və akademik sahələrə dair dərslər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu resurslardan yerli tədris prosesində də istifadə mümkündür.
Tərəflər arasında gələcəkdə elmi və tədris yönümlü əməkdaşlıq imkanları da müzakirə olunub. Görüşün sonunda professor Co Yonq Cun müəllifi olduğu kitabları Koreya Araşdırmalar Mərkəzinə hədiyyə edib, iştirakçı müəllimlərə isə xatirə hədiyyələri təqdim olunub. Sonda iştirakçılarla xatirə fotosu çəkilib.