Artıq Dövlət İmtahan Mərkəzi tərəfindən ixtisas seçiminin tarixləri açıqlanıb. Avqustun 9-dan 19-dək abituriyentlər topladıqları bala uyğun olaraq ixtisas qrupları üzrə seçimlərini həyata keçirməlidirlər.
Bu barədə təhsil eksperti Ramin Nurəliyev “Tehsil365”ə bildirib.
“İxtisas seçimi ciddi analiz tələb edir”
Ekspert qeyd edir ki, ixtisas seçimi mərhələsində abituriyentlər ilk növbədə Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim olunan bal aralıqları və “Abituriyent 4” jurnalına diqqətlə baxmalıdırlar:
“Jurnalda hər bir ixtisas üzrə dövlət sifarişli və ödənişli plan yerləri, universitetlərin qəbul planı, eyni zamanda ötən illə müqayisədə hansı ixtisas üzrə plan yerlərinin artdığı və ya azaldığı barədə məlumatlar yer alır. Abituriyentlər bu məlumatları əsas götürərək özlərinə uyğun statistika çıxarmalı və seçimlərini topladıqları bala uyğunlaşdırmalıdırlar.”
“Keçən ilin keçid balına əsasən seçim etmək olmaz”
Ramin Nurəliyev vurğulayıb ki, bir çox abituriyent keçən ilin keçid ballarını əsas götürərək seçim edir və bu, çox ciddi səhvlərə səbəb ola bilir:
“Hər il keçid ballarında dəyişiklik müşahidə olunur. Keçən il I qrupda ballarda ciddi azalma, ondan əvvəlki il isə artım var idi. Bu dinamika onu göstərir ki, keçid balları sabit deyil və əvvəlki ilin nəticələrinə əsasən seçim etmək qətiyyən düzgün yanaşma deyil. İlk olaraq statistik analiz aparılmalı, abituriyentin topladığı bal bu statistikaya uyğun qiymətləndirilməli və daha sonra seçim həyata keçirilməlidir.”
Valideyn təzyiqi, yanlış istiqamət – “Bu, uşağın gələcəyinə təsir edir”
Ekspertin sözlərinə görə, ixtisas seçimi zamanı valideyn təzyiqi də böyük problemə çevrilir. Ramin Nurəliyev bu məsələyə də xüsusi diqqət ayırıb:
“Valideynlər uşaqların fikirlərinə hörmətlə yanaşmalı və onların seçimlərinə müdaxilə etməməlidirlər. Abituriyent gələcəkdə həmin ixtisas üzrə fəaliyyət göstərəcək, bu onun həyat yoludur. Əgər bir abituriyent müəllim olmaq istəmirsə və ya jurnalistikaya marağı varsa, lakin valideyn bunu qəbul etmirsə, nəticədə həmin abituriyent seçdiyi sahədə uğur qazana bilməyəcək. Bu səbəbdən valideynlər övladlarının maraqlarını və qabiliyyətlərini nəzərə almalı, dəstək olmalıdırlar.”
İxtisas seçimi başa çatdıqdan sonra abituriyentlər nə etməlidir?
Ramin Nurəliyev həmçinin qəbul olduqdan sonra görüləcək işlər barədə də xəbərdarlıq edib. Onun sözlərinə görə, bir çox abituriyent sevinclə bu mərhələni unudur:
“Qəbul nəticələri açıqlandıqdan sonra ali təhsil müəssisəsinə portal üzərindən qeydiyyat mütləq həyata keçirilməlidir. Əgər qeydiyyat aparılmazsa, həmin abituriyentin əmri sistemə daxil edilmir və o, qəbul olunmamış hesab olunur. Təəssüf ki, biz əvvəlki illərdə bunun bir çox nümunəsini görmüşük. Ona görə də qəbul olan abituriyentlər diqqətli olmalı və portal üzərindən mütləq təhsil müəssisəsini təsdiqləməlidirlər.”
Kolleclərə qəbul necə aparılacaq?
Ekspert əlavə edib ki, ali məktəblərə qəbul mərhələsindən sonra 11 illik təhsilli şəxslər üçün kolleclərə ixtisas seçimi mərhələsi başlayacaq. Onun sözlərinə görə, bu prosesin avqustun 25-dən sonra həyata keçirilməsi gözlənilir:
“Kolleclərə ixtisas seçimi də eyni şəkildə statistik analizə əsaslanaraq aparılmalıdır. Seçimdən sonra portalda təsdiq mərhələsi də vacibdir. Bu proseduru həyata keçirməyən abituriyentlər qəbul şansını itirə bilərlər.”
Sonda Ramin Nurəliyev bütün abituriyentlərə uğurlar arzulayıb və qeyd edib ki, düzgün istiqamət və ağıllı seçim abituriyentin gələcək uğurunun əsasını təşkil edir.