Tələbə qəbulu prosesində bəzi ixtisaslara marağın azalması, bəzilərinə isə tələbatın sürətlə artması müşahidə olunur.
Bu barədə "Elim" İctimai Birliyinin sədri, elm və təhsil üzrə ekspert Səbuhi Abdullayev “Tehsil365”ə bildirib.
Ekspert qeyd edib ki, hazırda bir sıra ixtisasların yenilənməsi və müasir tələblərə cavab verən istiqamətlərin formalaşması çox sürətli şəkildə baş verir:
“Elə ixtisaslar var ki, artıq sıradan çıxmaq üzrədir və buna paralel olaraq həmin ixtisaslara qəbul ballarında da azalma müşahidə olunur. Məsələn, bir neçə il əvvəl kifayət qədər yüksək balla tələbə qəbul edilən tərcüməçilik ixtisasına maraq tədricən azalır. Bu da süni intellekt və yeni proqramların bu sahədəki ehtiyacları daha rahat şəkildə qarşılaması ilə bağlıdır”.
Səbuhi Abdullayev əlavə edib ki, mühasibatlıq, bələdçilik, poçt xidməti və nəşriyyatçılıq kimi sahələr də getdikcə aktuallığını itirir:
“Mühasibatlıq sahəsində artıq proqram təminatları ilə bir çox proseslər daha sürətli və effektiv həyata keçirilir. Bələdçilik kimi sahələr isə mobil tətbiqlər vasitəsilə asanlıqla əvəzlənə bilir. Poçt və nəşriyyat sahəsi ilə bağlı olan bir sıra ixtisaslar da artıq sıradan çıxıb və seçimlərdə prioritet deyil”.
Ekspert abituriyentlərə gələcəyə yönümlü və peşə yönümlü ixtisasları seçməyi tövsiyə edib:
“Süni intellekt, proqramlaşdırma, Data Analytics və böyük verilənlərin idarə olunması kimi sahələr daim aktiv və üstün olacaq. Abituriyentlər həm bu tip ixtisaslara yönəlməli, həm də seçim zamanı yalnız ballara deyil, plan yerlərinə, dövlət sifarişli və ödənişli bölmələrə də diqqət yetirməlidirlər”.
Sonda o vurğulayıb ki, müəllim, şagird və valideyn birlikdə düzgün araşdırma apararaq uğurlu ixtisas seçimi edə bilərlər.