Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyət planına uyğun olaraq, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan iki ümumi təhsil müəssisəsində mühüm struktur dəyişiklikləri həyata keçirilib.
“Təhsil365” xəbər verir ki, bu çərçivədə: Gəncə şəhər S.Vurğun adına 41 nömrəli ümumtəhsil məktəbi humanitar və təbiət fənləri təmayüllü lisey statusu alıb.
Göygöl şəhərində fəaliyyət göstərən texniki və təbiət fənləri təmayüllü lisey isə fəaliyyətini təkmilləşdirərək yeni tədris ilinə daha güclü resurslarla başlayır.
Yeni liseylərə V–IX siniflər üzrə şagird qəbulu üçün qeydiyyat 5–13 avqust tarixlərində sy.edu.az platforması vasitəsilə aparılacaq. Qəbul imtahanları isə 16–17 avqust tarixlərində keçiriləcək.
Struktur dəyişikliklərinin əsas məqsədi istedadlı şagirdlərin aşkara çıxarılması, onların təlim-tərbiyəsinin müasir tələblərə uyğun qurulması və təhsil keyfiyyətinin yüksəldilməsidir.
Yeni liseylərdə: tədris ən yüksək nəticələrə malik peşəkar müəllimlər tərəfindən aparılacaq; şagirdlərə fərdi yanaşma əsasında təlim veriləcək; yeni nəsil təlim metodları tətbiq ediləcək; hər bir şagirdin inkişafına məqsədyönlü və sistemli dəstək göstəriləcək.
Yeni tədris ili ərəfəsində hər iki liseyin müəllim və şagird kollektivinə uğurlar arzu olunur!