İngiltərənin Staffordşir bölgəsində yerləşən bir sağlamlıq və xərçəngə dəstək mərkəzində uşaqlar və istifadəçilərlə birlikdə yaradılan divar rəsmləri yerli cəmiyyətdə böyük rəğbətlə qarşılanıb.
"Tehsil365" BBC-nin yaydığı məlumata görə bildirir ki, yerli rəssamlar Kate O və Wingy, xüsusi təhsil müəssisəsi olan Two Rivers Məktəbinin şagirdləri və Tamworth Refah və Xərçəng Dəstək Mərkəzinin üzvləri ilə birlikdə əməkdaşlıq edərək müxtəlif divar rəsmləri ərsəyə gətiriblər. Bu layihə, New Urban Era (Nue) təşkilatı tərəfindən sosial məsuliyyət çərçivəsində həyata keçirilib.
Nue təşkilatı bildirib ki, layihələr iştirakçılar arasında "yaradıcılıq, əlaqə və uğur hissi" formalaşdırmağa kömək edib. Rəsmlər hazırda hər iki mərkəzin divarlarında nümayiş etdirilir.
Layihəyə başlamazdan əvvəl Nue təşkilatının əməkdaşları məktəbin direktor müavini və dəstək mərkəzinin rəhbərliyi ilə birgə müzakirələr aparıblar. Bu görüşlər əsasında layihənin iştirakçıların ehtiyac və potensialına uyğun şəkildə qurulması təmin olunub.
Rəssamlar proses boyu uşaqlara və istifadəçilərə həm fərdi bacarıqlarını tanımaq, həm də divar rəsmi texnikalarını öyrənməkdə yardımçı olublar. Two Rivers məktəbindən 12 şagirddən ibarət əsas qrup layihəni tamamlayıb və məktəbin divarlarını bəzəyən ruhlandırıcı əsərlər ərsəyə gətirib.
Crowden Yolundakı sağlamlıq mərkəzində isə 15 nəfərlik bir qrup iştirakçının yaratdığı son divar rəsmi “gözəl və mənalı” olaraq qiymətləndirilib.
Nue təşkilatının qurucusu Vik Braun layihə haqqında bunları deyib:
“Bu proqramın həm iştirakçılara, həm də Tamworth icmasına göstərdiyi dərin təsirdən son dərəcə qürur duyuruq. Biz bu önəmli mərkəzlərə sənəti və əməkdaşlığı gətirməklə yalnız görsel gözəllik yaratmadıq, həm də sağalma, özünüifadə və əlaqə qurmaq üçün müsbət bir mühit formalaşdırdıq.”