Türkiyə-Azərbaycan Universitetində (TAU) abituriyentlər və onların valideynləri üçün “Açıq qapı” günü təşkil olunub.
“Tehsil365” TAU’a əsasən xəbər verir ki, tədbirdə TAU-nun rektoru vəzifəsini icra edən Vilayət Vəliyev, Sənaye mühəndisliyi bölümünün rəhbəri Ömər Faruk Beyca, Qida mühəndisliyi bölümünün rəhbəri Umran Uygun iştirak edərək, universitetlə bağlı iştirakçıların suallarını cavablandırıblar.
Tədbir zamanı universitetdə tətbiq ediləcək tədris prosesi və ixtisaslar barədə ətraflı məlumat verilib. Bildirilib ki, TAU-da tədrisə Türkiyənin Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti, Hacettepe Universiteti və Azərbaycanın Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub.
Yeni tədris ilində universitetdə Kompüter mühəndisliyi, Sənaye mühəndisliyi və Qida mühəndisliyi ixtisasları üzrə tədris aparılacaq. Bütün ixtisaslarda dərslər yalnız ingilis dilində keçiriləcək.
Qeyd olunub ki, TAU-ya tələbə qəbulu yalnız Dövlət İmtahan Mərkəzinin (DİM) müəyyən etdiyi qaydalara uyğun həyata keçirilir.