Aysu Mustafazadə 6 yaşında Astara şəhər 5 saylı tam orta məktəbdə təhsil həyatına başlayıb, 5-ci sinifdən isə Astara şəhər Ziya Bünyadov adına 2 saylı tam orta məktəbdə davam etdirib.
“Tehsil365” xəbər verir ki, onun musiqi ilə tanışlığı 7 yaşında piano dərslərinə başlaması ilə gerçəkləşib. “Oktay Kazımi adına Astara Uşaq Musiqi Məktəbi”ndə müəllimi Aybəniz Dadaşovanın rəhbərliyi ilə 7 il ərzində fortepianonun sirlərinə yiyələnən Aysu, orta ixtisas təhsilini Bakıda “Bülbül adına Musiqi Məktəbi”ndə, ali təhsilini isə “Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası”nda tamamlayıb.
Uşaqlıqdan Cənubi Koreya mədəniyyətinə böyük maraq göstərən gənc pianoçu, Koreya dilini öyrənərək TOPIK1 (5-ci səviyyə) sertifikatı əldə edib. Daha sonra ciddi hazırlıq mərhələsindən keçərək Asiyanın ən nüfuzlu incəsənət ocaqlarından biri — Korea National University of Arts (K-arts)-a fortepiano ixtisası üzrə qəbul olunub.
Aysu Mustafazadə, Asiya ölkələri üzrə AMA+ tam təqaüdünü qazanan 21 tələbədən biri olmaqla yanaşı, bu uğura imza atan ilk azərbaycanlı musiqiçidir. Bu təqaüd proqramı ona Koreyada təhsilini tam maliyyə dəstəyi ilə davam etdirməyə imkan verəcək.
Gənc istedad bu böyük nailiyyəti ilə Azərbaycan musiqisinin zəngin ənənələrini Koreya səhnələrində layiqincə təmsil edəcək.