Azərbaycanın dağ-mədən sənayesi üzrə peşəkar kadr potensialının formalaşdırılması məqsədilə “AzerGold” QSC növbəti “Təqaüd proqramı” müsabiqəsini elan edib.
Tehsil365 xəbər verir ki, proqram Səhmdar Cəmiyyətin strateji layihələrinin vaxtında və ixtisaslı mütəxəssislərlə təmin olunmasına dəstək məqsədi daşıyır. Təqaüd Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində dağ-mədən mühəndisliyi, geologiya, ekologiya və metallurgiya mühəndisliyi ixtisasları üzrə əyani formada təhsil alan, bakalavr və magistratura səviyyəsinin sonuncu kurs tələbələri arasında keçiriləcək müsabiqə əsasında təqdim olunacaq.
Müsabiqə iki test imtahanı və müsahibə mərhələsindən ibarət olacaq. Test imtahanında ən yüksək nəticə göstərən 20 namizəd müsahibəyə buraxılacaq. Yekun qiymətləndirmə nəticəsində 10 tələbə “Təqaüd proqramı”na qəbul ediləcək, onlara tədris ili ərzində hər ay 200 manat təqaüd veriləcək və müvafiq təltifnamə təqdim olunacaq. Proqram iştirakçıları “AzerGold” QSC-də təcrübə keçmək və məzun olduqdan sonra tələblərə uyğun vəzifələrdə işlə təmin olunmaq imkanı əldə edəcəklər.
Müsabiqəyə müraciətlər 11 avqust 2025-ci il tarixindən qəbul edilir, son müraciət tarixi isə 30 avqust 2025-ci ildir. Ətraflı məlumat və müraciət forması “AzerGold” QSC-nin rəsmi internet səhifəsinin “Karyera” bölməsindəki “Təqaüd proqramı” altbölməsində yerləşdirilib.