Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2025–2026-cı tədris ilində Macarıstan və Çin Xalq Respublikasında təhsil alacaq tələbələrlə görüş təşkil olunub.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkil etdiyi tədbirdə Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov, Xaricdə təhsil sektorunun müdiri Niftalı Qasımlı, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının nümayəndəsi Gülüstan Kərimli, "Azərbaycan–Macarıstan Məzunları" İctimai Birliyinin sədri Lalə Əliyeva və "Azərbaycan–Çin Məzunlar Assosiasiyası"nın nümayəndəsi İlahə Balakişiyeva iştirak ediblər.
Görüş zamanı tələbələrin xaricdəki akademik fəaliyyəti, elmi-tədqiqat imkanları, təşkilati məsələlər və sənədləşmə prosedurları müzakirə olunub. Onlara təhsil müddətində qarşılaşa biləcəkləri situasiyalarla bağlı tövsiyələr verilib. Eyni zamanda, təhsil aldıqları ölkələrdə Azərbaycanın mədəni irsinin və tarixi dəyərlərinin təbliğinin vacibliyi vurğulanıb.
Qeyd edilib ki, 2025–2026-cı tədris ili üzrə Macarıstanda 130, Çində isə 43 nəfər Azərbaycan vətəndaşı bakalavriat, magistratura və doktorantura səviyyələrində, iqtisadi inkişaf üçün prioritet olan ixtisaslar üzrə təhsil alacaq.