Avqustun 14-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə “Brain Ring” intellektual yarışının yerli mərhələsinə start verilib.
Şəki - Zaqatala regional təhsil idarəsindən “Tehsil365”ə məlumat verilib ki, yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açılıb və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki şəhərindəki R. Ocaqov adına Uşaq-Gənclər İnkişaf Mərkəzində keçirilən yarışda hər biri 6 nəfərdən ibarət 4 komanda iştirak edib. Maraqlı və gərgin mübarizə sonunda “Zəfər” komandası qalib gələrək final mərhələsində Şəki-Zaqatala Regional Təhsil İdarəsini təmsil etmək hüququ qazanıb.
Qalib komandaya Regional Təhsil İdarəsinin diplomları, digər iştirakçılara isə ETİHİ Şəki şəhər komitəsinin hədiyyələri təqdim olunub.
Layihənin əsas məqsədi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və onun yerli bölmələri arasında komanda quruculuğunu möhkəmləndirmək, əməkdaşlar arasında ünsiyyət və əməkdaşlıq ruhunu gücləndirməkdir.
Yarışın yekun mərhələsində 13 yerli bölmənin qalib komandaları və Agentliyin komandası iştirak edəcək. Final nəticələrinə əsasən yalnız 3 komanda qalib seçiləcək və xüsusi mükafatlarla təltif olunacaqlar.