Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür. “Tehsil365” oxucularını ustad söz adamının həyat və yaradıcılığına səyahətə apararaq, onun bənzərsiz sənət dünyasını təqdim edir:
Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə bütün yaradıcılığı ilə millətin yaddaşına hopmuş sənətkarlardandır. Onun anadan olmasının 100 illiyi tamam olur.
Bəxtiyar Vahabzadə bədii fikrin zənginləşməsində, milli-mənəvi dəyərlərin qorunması və yaşadılmasında müstəsna xidmətləri olan böyük söz ustasıdır. O, azərbaycançılıq məfkurəsinə dərindən bağlı şeirləri və poemaları ilə xalqı özünüdərkə çağırıb. Tarixin müxtəlif dövrlərində baş vermiş taleyüklü hadisələr, böyük şəxsiyyətlərin parlaq simaları şairin yaradıcılığında həmişə diqqət mərkəzində olub.
Bəxtiyar Vahabzadə həm də görkəmli alim idi. Onun şifahi ədəbiyyatımızın, klassik və müasir poeziyamızın öyrənilməsinə həsr etdiyi əsərləri elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Uzun illər Bakı Dövlət Universitetində professor kimi fəaliyyət göstərən şair gənc nəslin yetişməsinə də mühüm töhfələr verib. O, 1951-ci ildə "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik, 1964-cü ildə isə "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə edib, filologiya elmləri doktoru alimlik dərəcəsini alıb. Daha sonra Milli Elmlər Akademiyasının müxbir, ardınca həqiqi üzvü seçilib.
Yetmişdən çox şeir kitabının, iki monoqrafiyanın, on bir publisistik kitabın və yüzlərlə elmi məqalənin müəllifi olan Vahabzadə sözün əsl mənasında həm şair, həm də alim idi. Onun poeziyasında haqsızlığa, ədalətsizliyə qarşı üsyan başlıca xəttdir. Görkəmli sənətkar hələ ötən əsrin 60-cı illərindən sovet imperiyasına qarşı milli azadlıq hərəkatının öncüllərindən olmuş, 1959-cu ildə yazdığı “Gülüstan” poeması ilə parçalanmış Azərbaycanın faciəsini dilə gətirmişdi.
Onun yaradıcılığında ana dilinə xüsusi yer ayrılırdı. Şair dilimizi xalqımızın varlığının əsas nişanəsi, ən qiymətli sərvəti, babaların vəsiyyətini nəvələrə çatdıran qüdrətli vasitə kimi görürdü. Məşhur şərqşünas alim Əhməd Şmide isə Bəxtiyar Vahabzadəni belə dəyərləndirmişdi: “Bir insanın öz xalqını və öz doğma dilini dəlicəsinə sevə bilmək qabiliyyətini mən Bəxtiyar Vahabzadədən öyrəndim. O, realist şairdir. Çətin ifadələr, dolaşıq məna onun sənətinə yaddır.”
Bəxtiyar Vahabzadənin dram əsərləri də gənc nəslin tərbiyəsində mühüm rol oynayıb. Müasir həyatdakı ziddiyyətlər, mənəvi sarsıntılar, saf və ülvi hisslərin təsviri onun dramaturgiyasında öz əksini tapıb. “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Hara gedir bu dünya?”, “Fəryad”, “Cəzasız günah”, “Dar ağacı”, “Rəqabət”, “Özümüzü kəsən qılınc” kimi pyesləri Azərbaycan teatrlarında onilliklər boyu səhnədən düşməyib.
Şairin 20 Yanvar faciəsinə həsr etdiyi “Şəhidlər” poeması isə bir xalqın yaddaşına yazılmış qürur və kədər abidəsidir. Bəxtiyar Vahabzadə müstəqillik ideyalarının carçısı kimi azadlıq mübarizəsinin ön cərgəsində olmuş, seçdiyi yoldan dönməyərək xalqın sözünü dünyaya çatdırmışdır.
O, millətin məhəbbətinə layiq olduğunu həyatının bütün çətinliklərinə sinə gələrək təsdiqlədi və heç vaxt sarsılmadı. Elə buna görədir ki, poeziyanın Bəxtiyarı bu gün də Azərbaycanın Bəxtiyarı olaraq qəlblərdə əbədi yaşayır.