İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il mayın 28-də Füzuli şəhərində dünyaya göz açmışdır. “Tehsil365” onun həyat və yaradıcılığını araşdıraraq oxuculara İlyas Əfəndiyevin bənzərsiz sənət dünyasını təqdim edir:
Nasir, dramaturq, Əməkdar İncəsənət Xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, Xalq Yazıçısı İlyas Əfəndiyevin bir gənc kimi formalaşmasında, onda kitaba, ədəbiyyata və ümumiyyətlə mütaliəyə maraq oyatmaqda anası Bilqeyis xanımın böyük rolu olmuşdur.
1921-ci ildə birinci sinfə gedən İlyas 1930-cu ildə pedaqoji təmayüllü iki dərəcəli orta məktəbi “əla” qiymətlərlə bitirmişdir. O, 1933-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsinin əyani şöbəsinə daxil olmuş, 1938-ci ildə isə bu ali məktəbin coğrafiya fakültəsini qiyabi bitirmişdir. Elə həmin ildən Bakıda “Yeni yol”, “Kommunist” və “Ədəbiyyat qəzeti” redaksiyalarında çalışmışdır. Yazıçının ilk mətbu əsəri – “Buruqlar arasında” oçerki 1938-ci ilin noyabrında, ilk hekayəsi “Berlində bir gecə” isə 1939-cu ilin yanvarında “Ədəbiyyat qəzeti”ndə dərc olunmuşdur.
1939-cu ildə çap olunan “Kənddən məktublar” kitabı gənc müəllifə ədəbiyyat dünyasında öz sözünü demək imkanı verdi. İlk hekayələr kitabı onun fərdi üslubunu göstərirdi. Daha sonra yazdığı “Aydınlıq gecələr” əsəri isə müəllifin ədəbi-estetik görüşlərinin təməlini qoydu.
İlyas Əfəndiyev 1943-cü ildə Mehdi Hüseynlə birlikdə ilk dram əsəri olan “İntizar”ı yazaraq Azərbaycan milli teatrı ilə 50 ildən çox davam edən yaradıcılıq əməkdaşlığının əsasını qoydu. 40-cı illərin sonlarından etibarən o, həm nasir, həm də dramaturq kimi tanındı.
Onun zəngin nəsrinə “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan” kimi əsərlər daxildir. Dramaturgiyasına isə “İşıqlı yollar”, “Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Qəribə oğlan”, “Mahnı dağlarda qaldı”, “Bağlardan gələn səs” və başqa pyeslər daxildir. Onun pyesləri ilə Azərbaycan teatrında yeni mərhələ başlanmış, “İlyas Əfəndiyev teatrı” formalaşmışdır. Ədibin qəhrəmanları ülvi məqsədləri, xarakterlərinin bütövlüyü və duyğularının təbiiliyi ilə tamaşaçıların yaddaşında qalmışdır.
Əfəndiyev “Xurşidbanu Natəvan”, “Şeyx Məhəmməd Xiyabani”, “Hökmdar və qızı” kimi tarixi dramları ilə xalqımızın azadlıq mübarizəsinin bədii salnaməsini yaratmışdır. 60-cı illərdə onun dramaturgiyası gənc nəslin formalaşmasında mühüm rol oynamışdır.
Altmış ildən çox yaradıcılıq yolu keçən sənətkar 90-cı illərdə də məhsuldar fəaliyyətini davam etdirmiş, sovet dövründə yaza bilmədiyi mövzuları yeni dövrün reallıqları ilə qələmə almışdır. Onun əsərləri həm dövrünün, həm də müasir oxucuların sevimlisi olmuş, coğrafi sərhədləri aşaraq geniş auditoriyaya çatmışdır.
Zəngin ədəbi irs qoyub getmiş görkəmli yazıçı İlyas Əfəndiyev 1996-cı il oktyabrın 3-də Bakıda vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur.