Əlağa Vahid 1895-ci il fevralın 17-də Bakı şəhərində anadan olub. “Tehsil365” onun həyat və yaradıcılığını araşdıraraq oxuculara Əlağa Vahidin bənzərsiz sənət dünyasını təqdim edir:
Mollaxanada oxumağa başlayıb, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyaraq xarratlıqla məşğul olub.Gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak edən Əlağa Vahid lirik şeirlər yazıb. Satirik şeirlərində isə ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. “Tamahın nəticəsi” adlı ilk kitabı nəşr olunub.
İkinci Dünya müharibəsi illərində yazdığı əsərlərdə, xüsusilə “Döyüş qəzəlləri” və “Qəzəllər” kitablarında Vahid Vətənə məhəbbət, düşmənə nifrət və qələbəyə inam hisslərini oxucuya ötürüb.
Əsrlərdən bəri qəzəlin baş mövzusu eşq olub, amma Vahidin şeirlərində eşq yalnız romantik deyil, həm də vətən və Tanrı sevgisi, gözəl və ülvi hisslərlə zəngindir:
Mən əsiri eşqiyəm öz xalqımın, öz yurdumun,
Sevməyən öz xalqını, öz yurdunu divanədir.
Vahidin qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilib, xanəndələrin repertuarında mühüm yer tutub. O, həmçinin Nizami, Xaqani, Füzuli, Nəvai və digər klassiklərin qəzəllərini Azərbaycan dilinə tərcümə edib.
İlk şeiri 1914-cü ildə çap olunmuş, əvvəlcə “Məcməüş-şüara”da (Şairlər məclisi) Əbdül Xaliqin şeir gecələrinə qatılmışdır. Burada gənc şairlər bədahətən verilən qafiyəni ustadların qarşısında qəzələ çevirməli idilər. Vahid öz hazırcavablığı ilə seçilmiş, Əbdül Xaliq ona “sən təbinlə Vahidsən” deyərək məşhur ləqəbini vermişdir.
Əlağa Vahid 1965-ci il oktyabrın 1-də Bakı şəhərində vəfat edib.
2015-ci ildə şairin anadan olmasının 120 illiyi dövlətimizin başçısının Sərəncamı ilə ölkəmizdə silsilə tədbirlərlə qeyd olunub. Həmçinin, 2019-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Əlağa Vahid Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan olunan müəlliflərin siyahısına daxil edilib.