Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) universitetə və onun filiallarına qəbul olunan yeni tələbələr üçün xüsusi təqaüd imkanını açıqlayıb.
Bu haqda ADPU’dan “Tehsil365”ə xəbər verilib ki, Pedaqoji Universiteti ixtisas seçimi zamanı birinci yerdə kodlaşdıran və ən yüksək nəticə göstərən dövlət sifarişli tələbələrə birdəfəlik təqaüd veriləcək.
Bakalavriat səviyyəsi üzrə – ADPU-nu ilk sırada seçən və ən yüksək balla qəbul olunan dövlət sifarişli tələbəyə 400 manat.
Magistratura səviyyəsi üzrə – ən yüksək balla Pedaqoji Universitetini seçən dövlət sifarişli magistrant tələbəyə 500 manat.
Filiallar üzrə – universitetin 5 filialından hər birinə ən yüksək balla qəbul olunan tələbəyə 500 manat.
ADPU THİK-dən bildirilib ki, bu təşəbbüs tələbələrin motivasiyasını artırmaq və onları dəstəkləmək məqsədi daşıyır. Bundan əlavə, hər imtahan sessiyasının sonunda akademik göstəriciləri ilə fərqlənən 14 ən fəal tələbəyə də 300 manat məbləğində təqaüd təqdim olunur.