Avqustun 20-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb. Ümumilikdə 3957 namizədin dəvət olunduğu müsahibələr avqustun 26-dək davam edəcək.
“Tehsil365” xəbər verir ki, müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü komissiya tərəfindən qiymətləndiriləcək. Müsahibə mərhələsini uğurla keçən namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışma imkanı əldə edəcəklər.
Qeyd olunub ki, namizədlər şəxsi səhifəsində göstərilən tarixdə müsahibədə iştirak etmədikdə, bu, vakansiyadan imtina kimi qeydə alınacaq və həmin şəxslərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.
Müsabiqənin təşkilatçıları müsahibə mərhələsində iştirak edən bütün namizədlərə uğurlar arzulayıblar.