Şah İsmayıl Xətai qılıncı və qələmi ilə Azərbaycan tarixində dərin iz qoymuş böyük şəxsiyyətdir. O, vahid Azərbaycan dövlətinin əsasını qoymuş, Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldırmış, həm lirik, həm də epik əsərlər yaratmış hökmdar-şair olmuşdur.“Tehsil365” onun həyat və yaradıcılığını araşdıraraq oxuculara Şah İsmayıl Xətaiyə məxsus bənzərsiz sənət dünyasını təqdim edir:
1487-ci ildə Ərdəbildə dünyaya gələn İsmayıl məşhur təriqət başçısı Şeyx Səfiəddinin nəslindəndir. Onun ana babası isə Ağqoyunlu hökmdarı Uzun Həsən idi. Atası Şeyx Heydər Şirvanşahlarla döyüşdə həlak olduqdan sonra İsmayıl ailəsi ilə birlikdə İstəxr qalasında dustaq edildi. Sonradan azadlığa çıxan İsmayıl Lahicanda elm öyrənmiş, ərəb və fars dillərinə yiyələnmiş, müxtəlif elmlərdə bilik qazanmışdır.
Kiçik yaşlarından igidliyi, qılınc oynatmaq bacarığı və söz ustalığı ilə seçilən İsmayıl qızılbaşlar hərəkatına başçılıq edərək 1499-cu ildə Ərdəbilə yürüşə başlamışdır. O zaman onun cəmi 12 yaşı var idi. Şərur döyüşündə Ağqoyunlu hökmdarı Əlvənd Mirzəni məğlub etdikdən sonra Təbrizdə özünü şah elan etmiş və beləliklə, Azərbaycan Səfəvilər Dövlətinin əsasını qoymuşdur.
Şah İsmayılın yürüşləri nəticəsində dövlətin sərhədləri genişləndi. Lakin güclənən Səfəvilərlə Osmanlı dövləti arasında münasibətlər gərginləşdi və 1514-cü ildə Çaldıran döyüşü baş verdi. Bu savaşda Səfəvilər məğlub oldu. Rəvayətə görə, məğlubiyyətdən hiddətlənən Şah İsmayıl qılıncını var gücü ilə topun lüləsinə çırpır və onu qoparır. Sultan Səlim eyni qılıncla sınamağa çalışır, amma bacarmır. Bunun üzərinə İsmayıl belə deyir: “Qılınc həmin qılıncdır, əfsus ki, qol həmin qol deyil.”
Məhz bu məğlubiyyətdən sonra o, hərbi yürüşləri dayandırır və ömrünün sonuna qədər dövlətin abadlığına, mədəniyyətin inkişafına böyük diqqət ayırır.
Şah İsmayıl bədii yaradıcılığa yeniyetməlik illərində başlamışdır. Əsərlərinin çoxunu Azərbaycan dilində yazmış, “Dəhnamə” poemasını, “Nəsihətnamə” məsnəvisini qələmə almışdır. Onun “Divan”ında qəzəllərlə yanaşı, qoşma, gəraylı və bayatılar da yer alır. Xətainin şeirlərində Azərbaycan dilinin şirinliyi və gözəlliyi parlaq şəkildə əks olunur.
Şair ruhlu qüdrətli hökmdar Şah İsmayıl Xətai 1524-cü ildə, cəmi 37 yaşında dünyasını dəyişmişdir.
Bahar oldu ki, aləm gülşən oldu.
Gözün aç, gör cahan nə rövşən oldu.
Bəzəndi hər bir ağac bir gül ilə,
Ağaclar cümlə gülpirahən oldu.
Açıldı yazılər, bitdi çiçəklər,
Gül ilə çöl bənövşə, süsən oldu.