Qasım bəy Zakir 1784-cü ildə Şuşa şəhərində anadan olmuşdur. Onun əsli Qarabağda məşhur olan Cavanşirlər nəslindəndir. Ulu babası Kazım ağa Şuşa şəhərinin əsasını qoyan Pənah xanın doğma qardaşıdır. “Tehsil365” onun həyat və yaradıcılığını araşdıraraq oxuculara Qasım bəy Zakirin məxsus bənzərsiz sənət dünyasını təqdim edir:
Zakir ilk təhsilini Şuşada mollaxanada almış, ərəb və fars dillərini öyrənmişdir. Bu dilləri bilməsi ona Yaxın Şərqin Firdovsi, Nizami, Sədi, Hafiz kimi məşhur söz ustadlarının əsərləri ilə tanış olmaq imkanı vermişdir.
Mollaxanada oxuduğu illərdə klassik ədəbiyyatla yaxından tanış olan Zakir, sonralar müasirləri arasında da dərin hörmət və böyük nüfuz qazanmışdır. Azərbaycanın Mirzə Fətəli Axundzadə, İsmayıl bəy Qurtqaşılı, Baba bəy Şakir, Xurşidbanu Natəvan kimi tanınmış ziyalıları, habelə gürcü knyazı İliko Orbeliani, Bakı general-qubernatoru Mixail Kolyubakin onun məktublaşdığı məşhur şəxsiyyətlər idi. Zakirin satiraları əsasən çar hakimləri və müstəmləkəçi qanun-qaydaları hədəf alırdı.
Şairin müxtəlif mövzularda yazdığı mənzum hekayələri arasında “Məlikzadə və Şahsənəm”, “Əmirzadə, məşuq və cavan aşiq”, “Aşiqin təam bişirməyi”, “Dəvəsi itən kəs”, “Dərviş ilə qız”, “Əxlaqsız qazı” kimi əsərləri xüsusi yer tutur. Bu hekayələrdə məhəbbət insanın ülvi hissi kimi tərənnüm olunur; sədaqət, dözümlülük və vəfada möhkəmlik əsas ideyadır.
Zakirin realist yaradıcılığında təmsilləri mühüm yer tutur. Onun nəşr olunmuş “Əsərləri”ndə “Aslan, Qurd və Çaqqal”, “Dəvə və Eşşək”, “Tülkü və Qurd”, “Xain yoldaşlar haqqında”, “Tülkü və Şir”, “Sədaqətli dostlar haqqında” adlı təmsilləri toplanmışdır. O, bu əsərlərində həm xalq ədəbiyyatından, həm də “Kəlilə və Dimnə” kimi klassik mənbələrdən bəhrələnmiş, onları yeni tarixi şəraitə uyğunlaşdırmışdır.
Lakin Zakirin çoxlu düşmənləri də var idi. Qarabağda fitnə-fəsadı ilə tanınan Cəfərqulu xan Nəva, Şuşa qazisi Mirzə Əbülqasim və yerli çar hakimi Konstantin Tarxan-Mouravov onun ən qəddar əleyhdarları idilər. 1849-cu ildə Zakir ailəsi ilə birlikdə həbs olunaraq Şuşa həbsxanasına salındı. Daha sonra Bakıya sürgün edildi. Dostları – Mirzə Fətəli Axundzadə, İsmayıl bəy Qurtqaşılı, Mixail Kolyubakin və İliko Orbelianinin səyləri nəticəsində şair azad edilərək Şuşaya qayıtsa da, ömrünün sonunadək polis nəzarəti altında yaşamalı oldu.
Qasım bəy Zakir ömrünün sonlarını maddi ehtiyac və çətinliklər içində başa vurmuşdur. O, 1857-ci ildə Şuşada vəfat etmiş və Mirzə Həsən qəbiristanlığında dəfn olunmuşdur.
Durnalar
Bir saat havada qanad saxlayın,
Nizam ilə gedən qoşa durnalar!
Qatarlaşıb nə diyardan gəlirsiz,
Qaqqıldaşa-qaqqıldaşa, durnalar?
…
Mən sevmişəm onun ala gözünü,
Nəsib ola, bir də görəm üzünü,
Yoxsa danışırsız dilbər sözünü,
Veribsiniz nə baş-başa, durnalar?
…
Diyari-qürbətdə müddətdi varam,
Gecə-gündüz canan deyib ağlaram,
Mən də sizin kimi qəribü zaram,
Eyləməyin məndən haşa durnalar!
…
Laçın yatağıdır bizim məkanlar,
Yavaş-yavaş gedin səsiniz anlar,
Qorxuram toxuna ötən zamanlar,
Sürbəniz dağılıb çaşa, durnalar!
…
Zakirəm, od tutub alışdı cigər,
Var isə canandan sizdə bir xəbər,
Təğafül etməyin, Allahı sevər,
Dönməsin bağrınız daşa, durnalar!