Azərbaycanın görkəmli maarifpərvər yazıçılarından biri də Nəcəf bəy Vəzirovdur. “Tehsil365” onun həyat və yaradıcılığını araşdıraraq oxuculara Nəcəf bəy Vəzirova məxsus bənzərsiz sənət dünyasını təqdim edir.
O, milli peşəkar teatrımızın yaradıcılarından, ilk teatr tamaşasını hazırlayanlardan və iştirakçılarından biridir. Mirzə Fətəli Axundzadədən sonra dramaturgiya ilə məşğul olmuş və Azərbaycan ədəbiyyatında faciə janrının bünövrəsini qoymuşdur.
Nəcəf bəy Fətəli bəy oğlu Vəzirov 1854-cü ilin aprelində Şuşa şəhərində doğulub. Onun ailəsi kasıb olsa da, anası Mina xanım ailənin təsərrüfat işlərini idarə edərək Nəcəf bəyin təhsil almasına şərait yaradıb. On iki yaşında mədrəsədə oxumağa başlamış, qısa müddətdə Quranı öyrənmiş və yazı-pozu bacarıqlarını inkişaf etdirmişdir. Sonra Şuşa mülkiyyə məktəbinə daxil olmuş, lakin müəllimin kobud rəftarına görə təhsilini yarımçıq qoymuşdur. Daha sonra qohumlarından rus dilini öyrənərək ailəsinə maddi dəstək göstərməyə başlamışdır.
1868-ci ildə Nəcəf bəy Bakıya gələrək realnı gimnaziyaya daxil olub. Altı il sonra, 1874-cü ildə gimnaziyanı gümüş medalla bitirərək ali təhsil üçün Peterburq Universitetinə qəbul olunub. Lakin səhhəti pis olduğuna görə Moskvaya keçərək Petrovski-Razumovski Kənd Təsərrüfatı Akademiyasına qəbul olunub. Akademiyanı 1878-ci ildə bitirdikdən sonra Azərbaycana qayıdan Nəcəf bəy müxtəlif bölgələrdə meşəbəyi işləyib, 1895-ci ildə Bakıya köçərək vəkilliklə məşğul olmuş və mətbuatda publisistik yazılar çap etdirmişdir.
Nəcəf bəy Vəzirovun dramaturji yaradıcılığı üç mərhələyə bölünür:
1. 1873–1900;
2. 1902–1913;
3. 1913–1921.
Dramaturq ilk əsərlərini Bakıda yazıb. 1873-cü ildə gimnaziyada Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyasında iştirak etmiş, bundan sonra ilk birpərdəli məzhəkələrini yazmışdır. Tələbəlik dövründə isə “Ev tərbiyəsinin bir şəkli” (1875) və “Gəmi lövbərsiz olmaz” (1876) komediyalarını qələmə almışdır. Sonrakı illərdə “Daldan atılan daş topuğa dəyər” (1890), “Sonraki peşmançılıq fayda verməz” (1890), “Adı var, özü yox” (1891), “Yağışdan çıxdıq, yağmura düşdük” (1895), “Müsibəti-Fəxrəddin” (1896) və “Pəhlivanani-zəmanə” (1900) kimi əsərlərini yazmışdır.
“Müsibəti-Fəxrəddin” ilk Azərbaycan faciəsi, “Pəhlivanani-zəmanə” isə milli burjuaziyanın həyatını, Bakı neftini əks etdirən birinci dram əsəridir. 1902-ci ildən başlayaraq ikinci mərhələdə “Ağa Kərim xan Ərdəbili”, “Vay şələküm-məəlləküm” (1909), “Nə əkərsən, onu biçərsən” (1911) və “Keçmişdə qaçaqlar” (1912) əsərlərini yazmış, fransız dramaturqlarından bəzi iqtibasları milli ruhla zənginləşdirərək səhnəyə gətirmişdir.
Üçüncü mərhələdə isə “Pul düşkünü Hacı Fərəc” (1912), “Keçmişdə qaçaqlar” (1912) və “Təzə əsrin ibtidası” (1920) pyeslərini yazmışdır. Nəcəf bəy Vəzirovun əsərləri xalq dramaturgiyası prinsiplərinə, atalar sözlərinə və milli folklora əsaslanır. Onun əsərlərində maarifçilik, qadın azadlığı, sosial tərəqqi, feodal-cəmiyyətin mənfi tərəfləri və hüquq-məsuliyyət mövzuları əks olunur.
Nəcəf bəy Vəzirov 1926-cı il iyun ayının 9-da Şamaxının Çuxuryurd kəndində ürək xəstəliyindən vəfat edib və Bakıda, hazırda Fəxri xiyaban adlanan qəbiristanlıqda dəfn olunub.
Əsərləri:“Daldan atılan daş topuğa dəyər” (1890), “Adı var, özü yox” (1891), “Güzəşt”, “Dad yarımçıq əlindən” (1892–1894), “Müsibəti-Fəxrəddin”, “Pəhlivanani-zəmanə” (1898–1900), “Yağışdan çıxdıq, yağmura düşdük” (1896), “Təzə əsrin ibtidası” (1920), “Pul düşkünü Hacı Fərəc”, “Mehdi xan Tabasarani” pyesləri.