Oktyabrın 1-2-də Naxçıvan Dövlət Universitetində “İnnovasiya və davamlı inkişaf: yeni ideyalar və həllər” adlı I Beynəlxalq Elmi Konfrans təşkil olunacaq.
Naxçıvan Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, Tədbir Naxçıvan Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dillər Universiteti, İstanbul Universiteti – Cərrahpaşa, Gümüşhanə Universiteti, Ərzurum Texniki Universiteti (Türkiyə), Cənub Universiteti (Rusiya), Buxara Dövlət Texniki Universiteti (Özbəkistan) və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Konfrans üz-üzə və onlayn formatda keçiriləcək. Məqsəd innovasiya və davamlı inkişaf sahəsində yeni ideya və həllərin təqdim edilməsi, beynəlxalq miqyasda bilgi mübadiləsinin təşviqi, həmçinin ölkədə süni intellektin inkişafına və innovativ tədqiqatlara töhfə verməkdir.
Mütəxəssislərin sözlərinə görə, milli innovasiya siyasətinin formalaşdırılması və bu sahədə ekosistemin qurulmasında universitetlər və tədqiqat institutları mühüm rol oynayır. Konfransda təqdim olunacaq elmi araşdırmalar və innovativ layihələr yeni biliklərin paylaşılmasına, müasir yanaşmaların tətbiqinə və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə imkan yaradacaq.
Təşkilatçılar bütün tədqiqatçıları konfransda iştirak edərək öz elmi nəticələrini və ideyalarını bölüşməyə dəvət edirlər.