Süleyman Sani Axundov dramaturq, jurnalist, uşaq yazıçısı və pedaqoq kimi tanınır. “Tehsil365” onun həyat və yaradıcılığını araşdıraraq oxuculara Süleyman Sani Axundova məxsus bənzərsiz sənət dünyasını təqdim edir.
Azərbaycan dramaturqu, nasir və maarif xadimi S.S.Axundov 1875-ci il oktyabrın 3-də Şuşada anadan olub. Uşaq yaşlarında atasını itirdiyi üçün dayısı Səfərəli bəy Vəlibəyovun himayəsində böyüyüb. 1885–1894-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb, sonradan müəllimlik fəaliyyətinə başlayıb. 1920–1930-cu illərdə Qarabağda və Bakıda maarif sahəsində müxtəlif vəzifələrdə çalışıb, pedaqoji fəaliyyətlə yanaşı yazıçı və jurnalist kimi də tanınıb. 1922-ci ildə Azərbaycan “Ədib və Şairlər” İttifaqının ilk sədri seçilmiş, 1932-ci ildə isə “Əmək qəhrəmanı” adına layiq görülüb.
Ədəbi fəaliyyətə “Tamahkar” komediyası ilə başlayan Axundov bu əsəri Mirzə Fətəli Axundzadənin təsiri ilə yazıb. Ədəbi müstəqilliyini qorumaq üçün isə “sani” (“ikinci”) təxəllüsünü götürüb. “Tamahkar”da o, tamahkarlığı və qadın azadlığına qarşı çıxanları kəskin tənqid edir, Gülzar, Şərəf xanım, İmran kimi surətləri ilə yeni nəslə doğru yol göstərirdi. O, həmçinin “Dibdat bəy”, “Türk birliyi”, “Laçın yuvası”, “Qaranlıqdan işığa”, “Şahsənəm və Gülpəri”, “Səadət zəhmətdədir”, “Molla Nəsrəddin Bakıda”, “Eşq və intiqam” kimi əsərlərin müəllifidir.
Nasir kimi də tanınan yazıçının “Qonaqlıq”, “Kövkəbi-hürriyyət”, “Yuxu” hekayələri maraqla qarşılanıb. 1912–1914-cü illərdə yazdığı “Qorxulu nağıllar” silsiləsinə daxil olan “Əhməd və Məleykə”, “Abbas və Zeynəb”, “Qaraca qız” kimi hekayələr isə Azərbaycan uşaq ədəbiyyatında xüsusi yer tutur. “Qaraca qız” əsəri əsasında film çəkilmiş, Abdulla Şaiq tərəfindən pyesləşdirilərək Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur.
Süleyman Sani Axundov XX əsr Azərbaycan uşaq ədəbiyyatının inkişafında mühüm xidmətlər göstərmiş, əsərlərində geriliyi və mühafizəkarlığı tənqid etmişdir. O, 1939-cu il martın 29-da 63 yaşında vəfat etmişdir.