Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev 1870-ci il mayın 17-də Şuşa şəhərində anadan olub. “Tehsil365” onun həyat və yaradıcılığını araşdıraraq oxuculara Əbdürrəhim bəy Haqverdiyevə məxsus bənzərsiz sənət dünyasını təqdim edir.
O, əvvəlcə Şuşa realnı məktəbində, sonra Tiflis realnı məktəbində təhsil alıb. 1891-ci ildə təhsilini başa vuraraq Peterburq Yol Mühəndisləri İnstitutuna daxil olub. Peterburqda oxuduğu illərdə ilk pyeslərini – “Yeyərsən qaz ətini, görərsən ləzzətini” (1892) və “Dağılan tifaq”ı (1896) qələmə alıb.
1899-cu ildə Şuşaya qayıdan ədib xalq yaradıcılığı nümunələrini toplamış, 1900-cü ildə “Bəxtsiz cavan” pyesini yazaraq tamaşaya qoydurmuşdur. Daha sonra Bakıya köçən Haqverdiyev burada məşhur “Pəri cadu” pyesini tamamlamışdır.
1906-cı ildə o, Rusiya Dövlət Dumasına Gəncə quberniyası üzrə nümayəndə seçilmiş, Peterburqda işlədiyi dövrdə “Ağa Məhəmməd şah Qacar” faciəsini yazmaq üçün geniş araşdırmalar aparmışdır. Əlavə məlumat toplamaq üçün 1907-ci ildə İrana səfər etmişdir. Faciə həmin ildə Bakıda tamaşaya qoyulmuş və böyük uğur qazanmışdır.
Haqverdiyev publisistik fəaliyyəti ilə də seçilirdi. 1906-cı ildən nəşr olunan “Molla Nəsrəddin” jurnalında “Ceyranəli”, “Xorṭdan”, “Lağlağı”, “Mozalan” və digər imzalarla hekayə və felyetonlar dərc etdirmişdir. Onun “Cəhənnəm məktubları”, “Mozalan bəyin səyahətnaməsi”, “Marallarım” kimi əsərləri oxucular arasında böyük maraq doğurmuşdur.
Ədibin “Qırmızı qarı”, “Ədalət qapıları”, “Ağac kölgəsində”, “Vaveyla”, “Baba yurdunda”, “Qadınlar bayramı”, “Kamran”, “Çox gözəl” və digər hekayələri də ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Bu hekayələrin bir qismi “Marallarım” (1927) və “Hekayələr” (1940) kitablarında toplanıb.
1928-ci ildə Haqverdiyevə “Əməkdar incəsənət xadimi” fəxri adı verilmişdir. O, 1933-cü il dekabrın 11-də Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.
Prezident İlham Əliyevin 31 yanvar 2020-ci il tarixli Sərəncamı ilə böyük ədibin 150 illiyi ölkəmizdə qeyd edilmiş, yubiley UNESCO-nun 2020–2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin siyahısına salınmışdır.