Mirvarid Dilbazi XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. “Tehsil365” onun həyat və yaradıcılığını araşdıraraq oxuculara Mirvarid Dilbaziyə məxsus bənzərsiz sənət dünyasını təqdim edir.
Mirvarid Dilbazi 1912-ci il avqustun 19-da Qazax rayonunun Xanlıqlar (indiki Musaköy) kəndində anadan olub.
Dilbazilər nəsli qədim köklərə bağlı olub, mənası “ürəkli adam” deməkdir. Bu nəsildən çoxsaylı ziyalılar yetişmiş, Mirvarid Dilbazi də həmin ənənəni davam etdirərək poeziyaya böyük töhfələr vermişdir.
Şairə klassik və dünya ədəbiyyatının görkəmli nümayəndələrindən Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Samuel Marşak, Sergey Mixalkov və başqalarının əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir.
Onun “Xatirələr olan yerdə”, “Həyat lövhələri”, “Bənövşələr üşüyəndə”, “Ana qanadı”, “Yasəmən fəsli”, “Dağ çiçəyi” kimi kitabları oxucular tərəfindən sevilmişdir. Uşaqları çox sevən şairə onlar üçün “Nağıllar”, “Kiçik dostlarıma”, “Bahar nəğmələri”, “Abşeron bağlarında” və digər kitablar yazmışdır.
XX əsrin sonlarında xalqın yaşadığı ağır hadisələr Mirvarid Dilbazinin poeziyasına dərindən təsir etmişdir. Onun “Ağla, kamanım, ağla”, “Qoymayın ağlayım məni”, “Öpün bu qanlı torpağı”, “Şəhidlər qəbiristanında” kimi əsərləri yurd həsrəti, müharibə faciələri və vətən sevgisini ifadə edən ən gözəl poetik nümunələrdəndir.
Şairə 2001-ci il iyulun 12-də vəfat etsə də, ömrünü sənətə həsr edərək oxucuların qəlbində əbədi iz qoymuşdur:
“Öz içindən yanan bir ocağam mən,
Yandıqca daha gur yanacağam mən!”
Yaradıcılığı yüksək qiymətləndirilən Mirvarid Dilbazi 1979-cu ildə Azərbaycanda ilk qadın şair olaraq Xalq Şairi fəxri adına layiq görülmüş, həmçinin “Şərəf nişanı”, “Qırmızı əmək bayrağı”, “İstiqlal” ordenləri və müxtəlif medallarla təltif edilmişdir. Onun 85 illik yubiley mərasimində ümummilli lider Heydər Əliyev şəxsən iştirak etmiş, Prezident İlham Əliyevin 16 may 2012-ci il tarixli Sərəncamına əsasən isə 100 illiyi dövlət səviyyəsində qeyd olunmuşdur.