Abdulla Şaiq Azərbaycan milli uşaq ədəbiyyatının incilərini yaratmışdır. “Tehsil365” onun həyat və yaradıcılığını araşdıraraq oxuculara Abdulla Şaiqə məxsus bənzərsiz sənət dünyasını təqdim edir.
1906-cı ildən başlayaraq yazdığı silsilə şeirləri, tərcümələri və pyesləri ilə milli uşaq ədəbiyyatının əsasını qoymuşdur. Onun “Xoruz”, “Bənövşə”, “Keçi”, “Quzu”, “Qızıl gül”, “Qərənfil” kimi şeirləri, “Tülkü həccə gedir”, “Tıq-tıq xanım” pyesləri bu gün də uşaqlar tərəfindən sevilə-sevilə oxunur və tamaşaya qoyulur.
Abdulla Şaiq Mustafa oğlu Talıbzadə 1881-ci il fevralın 24-də Tiflisdə ruhani ailəsində dünyaya gəlmişdir. Ömrünün 34 ilini təhsilin inkişafına həsr edən yazıçı maarif və məktəb işləri ilə məşğul olmuş, qadınlar üçün jurnal çıxarmağa, uşaqlar üçün bağça açmağa, kitabxana yaratmağa, kasıb uşaqları pulsuz oxutmağa çalışmışdır. O, “Əlifba” kitabını və müxtəlif dərslikləri də tərtib etmişdir.
“Laylay” adlı şeiri ilə ədəbi fəaliyyətə başlayan Abdulla Şaiq 1910-cu ildə qələmə aldığı “Gözəl bahar” pyesi ilə milli uşaq teatrının əsasını qoymuşdur. 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılmasından ilhamlanaraq “Tələbə və həyat” pyesini yazmışdır.
O, həmçinin xalq ədəbiyyatının toplanması, Azərbaycan klassiklərinin və dünya ədəbiyyatı nümunələrinin oxuculara çatdırılması sahəsində də böyük işlər görmüşdür. Şekspirin “Maqbet” əsərini, Conatan Sviftin “Qulliverin səyahəti” romanını, Puşkin, Lermontov, Krılov, Qorki, Nekrasovun əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir.
Abdulla Şaiqin “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, “Yaxşı arxa” kimi mənzum nağılları bu gün də uşaqların sevimli əsərlərindəndir. Hazırda Azərbaycan Dövlət Kukla Teatrı onun adını daşıyır.
Böyük yazıçı 1959-cu ildə Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur. 1990-cı ildən fəaliyyət göstərən Abdulla Şaiqin ev-muzeyi isə onun ədəbi irsini, pedaqoji fəaliyyətini və zəngin həyat yolunu işıqlandıran mədəniyyət ocağıdır.