Azərbaycan xalqının yetişdirdiyi böyük şairlərdən biri də Məhəmmədhüseyn Şəhriyardır. “Tehsil365” onun həyat və yaradıcılığını araşdıraraq oxuculara Məhəmmədhüseyn Şəhriyara məxsus bənzərsiz sənət dünyasını təqdim edir.
O, 1906-cı ildə Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olmuşdur. İranda Azərbaycan dilində məktəb olmadığı üçün Şəhriyar, həmyaşıdları kimi, təhsilini fars dilində almışdır. Erkən yaşlarından ədəbiyyata böyük maraq göstərən şair ilk şeirlərini də fars dilində yazmışdır.
Anasının “Oğlum, mən sənin şeirlərini anlamıram” sözləri onun yaradıcılığında dönüş nöqtəsi olmuşdur. Məhz bundan sonra Şəhriyar ana dilində yazmağa başlamış və şah əsəri sayılan “Heydərbabaya salam” poeması ilə Azərbaycan ədəbiyyatına möhtəşəm bir əsər bəxş etmişdir. Şair özü etiraf edirdi ki, bu əsəri yazana qədər qəlbində bir tikan vardı, əsərini tamamladıqdan sonra isə həmin yükdən azad olmuşdur.
“Heydərbabaya salam” əsəri Şəhriyar yaradıcılığında yeni mərhələ açmaqla yanaşı, Cənubi Azərbaycanda anadilli poeziyanın inkişafına da güclü təkan vermişdir. Uşaqlığını Heydərbaba dağının ətəklərində keçirən şair bu əsərində həm uşaqlıq xatirələrini, həm də xalqın mənəvi dünyasını poetik dillə ifadə etmişdir. Poema ona böyük şöhrət qazandırmış, bir çox dünya dillərinə tərcümə olunmuşdur.
Şəhriyarın ilk şeirlər kitabı 1931-ci ildə Tehranda nəşr olunmuş və geniş oxucu rəğbəti qazanmışdır. Şair ağır həyat şəraiti ilə üzləşmiş, atasının ölümündən sonra böyük ailəni dolandırmaq məcburiyyətində qalmışdır. Buna görə də xalqın dərdini, məhrumiyyətlərini dərindən anlayır və şeirlərində bu mövzulara xüsusi yer verirdi.
Onun poeziyasında vətən sevgisi, milli birlik arzusu əsas mövzulardan idi. Xüsusilə “Azərbaycan” şeiri xalqı azadlığa, istiqlala və birliyə çağıran bir manifest kimi səslənmişdir. Şair Araz çayını isə parçalanmış xalq arasında çəkilmiş pərdə kimi təsvir edirdi.
Tehran şəhərindəki ədəbi mühit də Şəhriyarın yaradıcılıq yolunda mühüm rol oynamışdır. Burada tanınmış şair və yazıçıların təşkil etdiyi dərnəklərdə iştirak etmiş, yaradıcılığında yeni mövzulara müraciət etmişdir. 1979-cu ildən etibarən nəşr olunan “Varlıq” jurnalının daimi müəlliflərindən biri olmuşdur.
Məhəmmədhüseyn Şəhriyar həm Cənubi, həm də Şimali Azərbaycanda böyük nüfuz qazanmışdır. Onun əsərləri milli poeziyamızın qızıl fonduna daxil olmuşdur. Təbrizdə məktəblərdən biri və universitetin Ədəbiyyat fakültəsinin böyük salonu şairin adını daşıyır. Bakı şəhərinin mərkəzi küçələrindən birinə də onun adı verilmişdir.
Ən böyük abidəsi isə xalqının yaddaşında və qəlbində əbədi olaraq ucalmışdır.