Azərbaycanın mühacir şairi Almas İldırım 1907-ci il martın 25-də Bakının Qala kəndində bəy ailəsində dünyaya gəlmişdir.“Tehsil365” onun həyat və yaradıcılığını araşdıraraq oxuculara Almas İldırıma məxsus bənzərsiz sənət dünyasını təqdim edir.
Sovet hakimiyyəti qurulduqdan sonra onun bəy nəslinə mənsub olması şairi totalitar rejimin təqiblərinə məruz qoymuşdur. Varlı tacir oğlu olduğuna görə Azərbaycan Dövlət Universitetinin Şərq ədəbiyyatı fakültəsindən xaric edilmişdir.
1926-cı ildə şair Süleyman Rüstəm ilə birlikdə “Dün bugün” adlı şeir məcmuəsini nəşr etdirmişdir. Lakin 1928-ci ildə şeirlərindəki milli ruh və istiqlal ideyalarına görə Dağıstana sürgün olunmuşdur. Burada o, “Dağlardan xatirələr”, “Ləzgi elləri”, “Krımda axşamlar”, “Səlimxan” və “Günah kimdədir?” kimi şeirlərini qələmə almışdır.
1930-cu ildə Bakıya qayıdan Almas İldırım “Dağlar səslənərkən” adlı kitabını nəşr etdirmişdir. Lakin əsər senzuradan keçmədiyinə görə qadağan olunmuş, müəllif isə Azərbaycan Yazıçılar Birliyindən uzaqlaşdırılaraq Türkmənistana sürgün edilmişdir.
1933-cü ilin iyununda şair həyat yoldaşı Zivər xanım və üç aylıq körpəsi Azərlə birlikdə qaçaqçı karvanına qoşularaq İrana keçməyə müvəffəq olur. Lakin sərhədi keçən kimi həbs edilərək 25 gün dustaq saxlanılır, ağır işgəncələrə məruz qalır. Bu hadisələr nəticəsində Almas İldırım sağalmaz böyrək xəstəliyinə tutulur. Azad edildikdən sonra Məşhəddə yaşamağa məcbur olur, lakin burada da çox ağır və yoxsul həyat keçirir.
Daha sonra o, Türkiyəyə köçərək müxtəlif işlərdə – katiblik, kargüzarlıq və müəllimliklə məşğul olur. Ömrünün son 12 ilini isə həm yaradıcılıqla məşğul olmuş, həm də ailəsini dolandırmaq üçün çalışmışdır.
Almas İldırım 1952-ci il yanvarın 14-də böyrək xəstəliyindən vəfat etmişdir. Onun Azər, Araz, Orxan və Bakıxan adlı dörd oğlu olmuşdur.
Şairin poeziyasında vətən həsrəti, qəriblik və istiqlal arzusu aparıcı mövzulardır. Türkiyədəki mühacirət illərində qəzet və jurnallarda çap olunan əsərləri ona milliyyətçi və istiqlalçı şair şöhrəti qazandırmışdır.
Onun yaradıcılığı əsasən “Boğulmayan səs” adlı kitabda toplanmış, həmçinin “Azərbaycan mahnıları” adlı əsəri də nəşr olunmuşdur. Almas İldırım mühacirətdə yaşayıb-yaratmasına baxmayaraq, Azərbaycan ədəbiyyatında vətən həsrətinin simvolu kimi yadda qalmışdır.