Azərbaycanın görkəmli yazıçı və dramaturqu Cəfər Cabbarlı 1899-cu il martın 20-də Bakının 110 km-də yerləşən Xızı kəndində yoxsul bir kəndli ailəsində anadan olmuşdur. “Tehsil365” onun həyat və yaradıcılığını araşdıraraq oxuculara Cəfər Cabbarlıya məxsus bənzərsiz sənət dünyasını təqdim edir.
Cəfər Cabbarlı 1915-ci ildən lirik və satirik şeirlər, hekayələr və dram əsərləri yazmağa başlamışdır. 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinin tarix şöbəsində təhsilini davam etdirmişdir.
Cabbarlının yaradıcılığı 1915-1934-cü illəri əhatə edir. 1916-cı ildə qələmə aldığı “Nəsrəddin şah” onun ilk tarixi pyesidir. 1917-ci ildə isə “Ulduz və ya Trablis müharibəsi” və “Ədirnə fəthi” pyeslərini yazmışdır. Hər iki əsərin mövzusu türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələrdir. Cabbarlı “Trablis müharibəsi” pyesi ilə Nuru Paşanı bədii ədəbiyyata gətirən ilk azərbaycanlı dramaturq olmuşdur.
Yazıçının “Bakı müharibəsi” əsərində 1918-ci ilin martında Bakıda baş verən qanlı hadisələr və erməni daşnaqlarının azərbaycanlılara qarşı etdiyi zülmlər təsvir olunur. Əsərdə başda Nuru Paşa olmaqla qəhrəman xilaskar türk ordusunun şəhəri xilas etməsindən bəhs edilir.
1920-1923-cü illərdə Cəfər Cabbarlının ədəbi fəaliyyətinin nəticəsi olaraq “Aydın” (1919) və “Oqtay Eloğlu” (1921) pyesləri ortaya çıxmışdır. 1922-1923-cü illərdə yazdığı “Qız qalası” poemasını isə “Maarif və Mədəniyyət” jurnalında dərc etdirmişdir.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bir müddət dram yaradıcılığına fasilə verən yazıçı 1927-ci ildə qadın azadlığı mövzusuna həsr olunmuş “Sevil” əsərini yazmışdır. 1928-ci ildə əsərin tamaşaya qoyulması Şərq qadınlarının azadlığı üçün bir yol açmışdır.
C.Cabbarlının 1930-cu illərdəki dram yaradıcılığı “Almaz” pyesi ilə başlayır. 1931-ci ildə “1905-ci ildə” pyesini tamamlayaraq teatra vermişdir. Əsər xalqlar dostluğundan bəhs edir.
Cəfər Cabbarlı 1934-cü il dekabrın 31-də səhər saat 4-də vəfat etmişdir.
Onun əsərləri arasında “1905-ci ildə” (1937), “Qız qalası” (1937), “Almaz” (1937), “Firuzə” (1939), “Yaşar” (1950), “Aslan və Fərhad” (1957), “Sevil” (1959), “Gülzar” (1965), “Ölkəm” (1965), “Dilarə” (1970), “Od gəlini” (1971), “Ey dan ulduzu” (1979), “Ədirnə fəthi” (1996) və s. yer alır.