Avqustun 18-də Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant olan Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi təşkil olunub.
Dağlıq Şirvan Regional Təhsil İdarəsindən “Tehsil365”ə məlumat verilib ki, Şamaxı şəhər 9 nömrəli tam orta məktəbində keçirilən imtahanda 27 namizəd iştirak edib. Proses Dağlıq Şirvan Regional Təhsil İdarəsinin rəhbərliyi tərəfindən izlənilib. Namizədlərə 60 dəqiqə ərzində cavablandırmaq üçün 30 qapalı test sualı təqdim olunub. İmtahanda uğur qazanan iştirakçılar müsahibə mərhələsinə dəvət ediləcəklər.
Qeyd edək ki, Regional İdarə ilk dəfə olaraq imtahanı Müəllimlərin işə qəbulu mərkəzində kompüter əsaslı onlayn formatda təşkil edib. Növbəti işə qəbul müsabiqələrinin də eyni formatda keçirilməsi nəzərdə tutulur.