Avqustun 19-da Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov Ağstafa və Qazax rayonlarından olan vətəndaşları qəbul edib.
Qazax-Tovuz Regional Təhsil İdarəsindən “Tehsil365”ə məlumat verilib ki, qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma, əmək müqavilələrinin müddətinin uzadılması, tam ştat vahidinə keçirilmə, iş yerinin dəyişdirilməsi və digər təhsil sahəsi ilə bağlı məsələlərlə müraciət ediblər.
İdarə müdiri hər bir müraciəti diqqətlə dinləyərək aidiyyəti struktur bölmələrinə tapşırıqlar verib və məsələlərin qanunvericiliyə uyğun həlli təmin olunub. Vətəndaş qəbulu həmçinin təhsil müəssisələrində şəffaflığın təmin edilməsi, müəllim və şagird hüquqlarının qorunması və təhsil prosesinin səmərəliliyinin artırılması məqsədi daşıyıb.
Qeyd edək ki, növbəti günlərdə vətəndaş qəbulu digər rayonlarda da əvvəlcədən müəyyən edilmiş tarixlərə uyğun olaraq təşkil ediləcək.