Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin attestasiyasının nəticələrinə əsasən, Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz və Şirvan-Salyan regionlarında musiqi və incəsənət məktəblərinin müəllimləri üçün təlimlərin ikinci mərhələsinə start verilib.
Abşeron-Xızı Regional Mədəniyyət İdarəsindən “Tehsil365”ə məlumat verilib ki, təlimlər Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının dəstəyi ilə 18 avqustdan etibarən iki ay davam edəcək. Fortepiano, musiqi nəzəriyyəsi, tar, kamança, qarmon, xanəndə və nağara ixtisasları üzrə 70-dən çox müəllim proqramda iştirak edir.
Dərslər Bakı şəhərində Müslüm Maqomayev adına 26 nömrəli Musiqi Məktəbi və Fikrət Əmirov adına 6 nömrəli İncəsənət Məktəbində keçirilir. Pedaqoji təcrübəyə malik mütəxəssislər tərəfindən tətbiq olunan dərslərdə fərdi və qrup metodları, interaktiv modellər və müasir təhsil texnologiyaları istifadə olunur.
MEMİM-in direktoru v.i.e. Vüqar Hümbətov və həmkarlar ittifaqının rəhbərliyi müəllimlərlə görüşərək təşəbbüsün əsas məqsədinin bilik və bacarıqların artırılması, müasir tədris metodlarının mənimsənilməsi və peşəkar inkişafın dəstəklənməsi olduğunu qeyd ediblər.
Qeyd olunub ki, may–iyul aylarında keçirilmiş ilk mərhələdə 100-dən çox müəllim təlimlərdə iştirak edib.