Şəki şəhər Mərkəzi Kitabxanada şair Simax Şeydanın “Hələ çox sözüm var mənim” adlı xatirə gecəsi təşkil olunub.
“Tehsil365” xəbər verir ki, tədbir Şəki Mərkəzi Kitabxananın Xidmət və Abonement şöbəsinin, Uşaq şöbəsinin, Şəki MKS-nin 3 nömrəli kitabxana filialının və Oğuz rayon Mərkəzi kitabxanasının birgə təşkilatçılığı, həmçinin M.F. Axundzadə adına Mədəniyyət Mərkəzinin dəstəyi ilə baş tutub.
Gecədə Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, publisist - politoloq, tədqiqatçı Reyhan Mirzəzadə, Şəki ziyalıları, Oğuz rayon Mərkəzi kitabxanasının əməkdaşları, şairlər, Yəhudi icmasının sədri, kitabxana əməkdaşları, şairin ailə üzvləri, həmçinin kiçik yaşlı şeirsevərlər iştirak ediblər.
Çıxış edənlər qeyd ediblər ki, iki ölkənin – Azərbaycan və İsrailin – Yazıçılar Birliyinin üzvü olan Simax Şeyda Oğuzda dünyaya göz açıb , Gəncədə yaşayıb, ömrünün son illərini isə səhhəti ilə bağlı Almaniyada keçirib və orada da dünyasını dəyişib.
Lakin onun qəlbi hər zaman Azərbaycanla, həm bu tay, həm də o tayla döyünüb.
Tədbirdə vurğulanıb ki, şairin 15- dək uşaqlar üçün yazdığı kitabı nəşr olunub. Vətən mövzusu isə onun yaradıcılığında xüsusi yer tutub. O, həmçinin tərcüməçi kimi Azərbaycan şairlərinin bir sıra əsərlərini yəhudi dilinə tərcümə edib.
Xatirə gecəsində kitabxananın oxucuları tərəfindən şairin şeirləri səsləndirilib, onun sözlərinə bəstələnmiş musiqilər isə Oğuz Uşaq Musiqi Məktəbinin müəllimi Hikmət Malıyev tərəfindən ifa olunub. İfaçılara Ağalar Məmmədov və Mürsəl müəllim müşayiət ediblər.
Tədbir boyu şairin həyat və yaradıcılığına həsr olunmuş videoçarxlar nümayiş etdirilib.