Qırğızıstanın İssık-Kul vilayətində Təhsil və Elm İşçiləri Həmkarlar İttifaqının yaranmasının 100 illiyinə həsr olunmuş təntənəli forum keçirilir. Tədbirdə Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyi və Beynəlxalq Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinə üzv olan Azərbaycan, Qazaxıstan, Tacikistan, Türkiyə və digər ölkələrin həmkarlar ittifaqları təşkilatlarının nümayəndələri iştirak edirlər.
Bu barədə “Tehsil365”ə Elm və Təhsil İşçilərinin Həmkarlar İttifaqından məlumat verilib.
Tədbirin açılışında çıxış edən Qırğızıstan Təhsil və Elm İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin sədri Rustam Nurmatov iştirakçıları salamlayaraq tədbirin dostluq, həmrəylik və əməkdaşlıq ruhunda keçəcəyinə əminliyini ifadə edib.
Forumda çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə isə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədovun və Respublika Komitəsinin sədri Araz Paşayevin adından forum iştirakçılarını yubiley münasibətilə təbrik edib. O, iki ölkənin həmkarlar ittifaqı təşkilatları arasında mövcud əməkdaşlıq əlaqələrinin əhəmiyyətini vurğulayıb və son illərdə iki ölkə arasında təhsil sahəsində həyata keçirilən layihələrin – Bişkekdə Heydər Əliyev adına məktəb-liseyin və Ağdamda Ay-Köl Manas adına Xıdırlı kənd tam orta məktəbin açılışının Azərbaycan-Qırğızıstan dostluğunun bariz nümunəsi olduğunu qeyd edib.
Mirzə Cəfərzadə ETİHİ Respublika Komitəsinin fəaliyyət strategiyasında təhsil işçilərinin hüquqlarının müdafiəsinin, eyni zamanda bu istiqamətdə beynəlxalq əlaqələrin genişləndirilməsinin, rəqəmsal texnologiyaların tətbiqinin prioritet kimi müəyyənləşdirildiyini vurğulayıb.
Görüşün sonunda bir qrup həmkarlar ittifaqı nümayəndəsi uzunmüddətli səmərəli fəaliyyətinə görə yubiley nişanı ilə təltif olunub. ETİHİ Respublika Komitəsinin sədr müavini də bu yüksək mükafata layiq görülüb.
Qeyd edək ki, yubileyə həsr olunmuş forum 20–22 avqust tarixlərində keçirilir.