Süleyman Rüstəm 1906-cı il martın 12-də Bakıda kasıb dəmirçi ailəsində dünyaya göz açıb. Kasıb həyat tərzi, çətin uşaqlıq keçirməsinə baxmayaraq, ədəbiyyata, poeziyaya böyük maraq göstərib. “Tehsil365” Süleyman Rüstəmə məxsus həyat və yaradıcılığını oxuculara təqdim edir.
Şair poeziyasında fəhlə və kəndli əməyini, torpağı və zəhməti yüksək dəyərləndirib.
83 il ömür sürən sənətkarın 65 ildən artıq yaradıcılığı yüzlərlə şeir, poema və dram əsərlərindən ibarətdir. 1923-cü ildən 1989-cu ilədək xalqın həyatında baş verən ictimai-siyasi hadisələr, eləcə də mənəvi durum poeziyasında geniş yer alıb.
Süleyman Rüstəm Azərbaycan ədəbiyyatına xüsusilə Cənub mövzusu ilə poetik çələng gətirib. Təbriz, Sərab, Ərdəbil, Marağa kimi qədim Azərbaycan torpaqlarının vəsfini şeirlərində əbədiləşdirib. Onun “Təbrizim”, “Könlümə Təbriz düşdü”, “Yenə Araz qırağında”, “Yaralarım”, “Görsəm” kimi əsərləri vətən həsrətinin təsirli nümunələrindəndir.
Ədəbi fəaliyyətə “Çimnaz xanım yuxudadır” adlı birpərdəli komediya ilə başlayan şairin “Qaçaq Nəbi” mənzum dramı, “Durna” komediyası Azərbaycan dramaturgiyasının qiymətli nümunələrindəndir.
Xəzər mövzusu da Süleyman Rüstəm yaradıcılığında mühüm yer tutur. “Xəzər və durnalar”, “Xəzərdə gecə”, “Xəzərin səhəri”, “Xəzərim olsun” kimi şeirlərində dənizi poetik lövhələrlə tərənnüm edib.
İkinci Dünya müharibəsi illərində şairin yaradıcılığında qəhrəmanlıq, ana iztirabı, vətən həsrəti ön plana keçib. “Ana ürəyi”, “Durnalar”, “Ana və poçtalyon” əsərlərində xalqın müharibə illərində yaşadığı faciəvi taleyi böyük həssaslıqla təsvir edib. “Ana və poçtalyon” poemasında oğlundan məktub gözləyən ananın dərdi və ümidləri unudulmaz surətlər kimi poeziyamızda yaşayır.
Süleyman Rüstəm həm də ictimai-siyasi xadim kimi fəaliyyət göstərib. Bir neçə çağırış Azərbaycan və SSRİ Ali Sovetinin deputatı olub, tərcüməçiliklə məşğul olub. Onun xalq və vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilib, əsərləri müxtəlif dillərə tərcümə olunub.
Vətəni sevən şair bütün yaradıcılığı boyu bu sevgini poeziyanın əsas qayəsi kimi təqdim edib:
Ey nazlı vətən,
mən sənə öz könlümü verdim,
Qarşında günahkarsa,
Süleymanı bağışla!

