“Tehsil365” Aşıq Ələsgərin şeirlərini oxuculara təqdim edir.
Bənzərsən
Süsənli, sünbüllü, tər bənövşəli,
Yaylaq, bizim yaylaqlara bənzərsən.
İçən ölməz sənin kövsər suyundan,
Bulaq, bizim bulaqlara bənzərsən.
Əyricə, Verst dağı, Xankirt baxarı,
Ağ sürülər Sarıyaldan yuxarı.
Gözəllər seyr elər o oylaqları,
Oylaq, bizim oylaqlara bənzərsən.
Cənnət olur bizim yerin bu çağı,
Ağ lavaşı, kərə yağı, qaymağı,
Qızlar dəstələnib gəzər oylağı
Oylaq, bizim oylaqlara bənzərsən.
Aşıq Alı deyər, üç gözəl dərə:
Çiçəkli, Şaqaylı, Xoş gözəl dərə,
Əyricə, Verst dağı, Baş Gözəldərə,
Üç dağ, bizim üç dağlara bənzərsən.
Gərək
Yaxşı yerdə düşdün mənim cəngimə,
Cəngimdən çıxmağa bir hünər gərək.
Maya dura bilmoz nər qabağında,
Meydana girməyə nərə nər gərək.
Saxla dilin, özün üçün qadağa,
Əlimdən gedərsən arana, dağa.
Şahin kimi göydə qanad açmağa,
Havada süzməyə balü-pər gərək.
Camalın şövqündən dilim oldu təng,
Çayda balıq olar, dəryada nəhəng.
Mahalım Göyçədi, kəndim Qızılvəng,
Aşıq Alı birdir, birə-bir gərək.
Oldu
Yar yanında günahkaram,
Doğru sözüm yalan oldu.
Yeriş etdi qəm ləşkəri,
Könlüm şəhri talan oldu.
Bax bu qaşa, bax bu gözə,
Yandı bağrım döndü közə,
Keçən sözü çəkmə üzə,
Keçən keçdi, olan oldu.
Aşıq Alı sənə qurban,
Gəl eyləmə bağrımı qan,
Əldən uçdu tülək tərlan,
Sar da kəklik alan oldu.
Olmur
Bizim elin gözəlinin
Camalından doymaq olmur.
Boy-buxunu can alandı,
Ləbləri tək qaymaq olmur.
Əydi budaq bar əlindən,
Dağ zinhardı qar əlindən,
Eşq badəsin yar əlindən
Alsan, yerə qoymaq olmur.
Bir söz dedim yada, qandı.
Bu məkanda qada-qandı,
Sevmək nədi? — Qadağandı;
El-obaya yaymaq olmur.
Aralıyam sirdaşımdan,
Həbibimdi ilk yaşımdan,
Səxa süzür göz-qaşından,
Qeyrisinə uymaq olmur.
Bir əlif yaz, qoy məddini,
Dağıtsan qəmin səddini,
Alı aşdı dərd həddini,
Sana çəkib saymaq olmur.
Uzaq yollara-yollara
Badi-səba, ərzim budur,
Dəymə tellərə-tellərə.
Seyraqub gözü tutulub,
Düşsün əllərə-əllərə.
Qarşıdakı sarı laçın,
Fələk qoymur qəddim açım.
Gəl səni götürüm, qaçım
Bizim ellərə-ellərə.
Alı deyər bir gül əkdim,
Gülün çox cəfasın çəkdim.
Qürbət eldə gözüm dikdim
Uzaq yollara-yollara.

