Respublika Velotrekində Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF), Elm və Təhsil Nazirliyinin, eləcə də Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə yeni layihəyə start verilib. Layihə çərçivəsində bölgələrdə velosiped idmanının inkişafı istiqamətində fəaliyyət göstərəcək məşqçilər üçün xüsusi təlim kurslarının açılışı baş tutub.
“Tehsil365” xəbər verir ki, kurslarda iştirak edən məşqçilərə həm nəzəri biliklər, həm də praktiki bacarıqlar öyrədiləcək. Proqram çərçivəsində beynəlxalq standartlara uyğun məşq üsulları, idmançılarla işləmə metodikası və velosiped idmanında təhlükəsizlik qaydaları xüsusi diqqət mərkəzində olacaq.
Tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov çıxış edərək bu cür layihələrin regionlarda idmanın kütləviliyinə böyük təkan verəcəyini bildiriblər.
Qeyd edək ki, 10 rayondan məşqçilərin iştirakı ilə 12 gün davam edəcək kurslar Respublika Velotrekində təşkil olunacaq.