Avqustun 27-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran rayon Liman şəhərində yerləşən Cənub Regional Boks Mərkəzində "27 Avqust - Beynəlxalq Boks Günü” münasibətilə boks üzrə idman tədbiri keçirildi.
"Təhsil365” xəbər verir ki, tədbirin açılışında Azərbaycan Respublikasının dövlət himni səsləndirildi və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin idman sektorunun müdiri Yusif Xamiyev və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Lənkəran UGİM-in müəllimi, əməkdar məşqci Salam Bağırov çıxış etdilər. Onlar respublikada idmanın inkişafına göstərilən dövlət qayğısı və ölkəmizdə keçiriləcək lll MDB oyunları haqda danışdılar.
Sonra idman yarışlarında göstərdiyi yüksək nəticələrə görə Lənkəran şəhər UGİM-in idmançısı Qasımzadə Miryusif Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən təşəkkürnamə ilə təltif edildi.
Sonda tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində Lənkəran şəhər Uşaq Gənclər İdman Məktəbinin müəllim və idmançıları tərəfindən boks üzrə nümunəvi çıxışlar və master klasslar göstərildi.