Müasir dövrdə universiteti bitirən gənclərin əsas narahatlığı iş tapmaqda üzləşdikləri çətinliklərdir. Təhsil müddətində nəzəri biliklərlə yanaşı praktiki təcrübənin kifayət qədər olmaması, əmək bazarında təcrübəli kadr tələbinin üstünlük təşkil etməsi məzunların ilk addımlarını çətinləşdirir. Bu səbəbdən də, çox zaman gənclər ixtisaslarına uyğun olmayan sahələrdə işləməyə məcbur qalır.
“Tehsil365” xəbər verir ki, bir çox gənc iş müsahibələrində “təcrübə” tələbini ən böyük maneə kimi göstərir. Universitet illərində könüllülük proqramlarında, təcrübə layihələrində iştirak etməyən tələbələr işə qəbulda geridə qalırlar. Mütəxəssislər hesab edir ki, universitetlər tələbələri yalnız nəzəri biliklə deyil, həm də praktiki bacarıqlarla silahlandırmalıdır.
Ekspertlər bildirirlər ki, universitet–əmək bazarı əməkdaşlığının gücləndirilməsi, tələbələrin təhsil dövründə təcrübə proqramlarına cəlb olunması vacibdir. Əks halda, hər il minlərlə gənc diplom alsa da, onların böyük hissəsi iş bazarında özlərinə uyğun mövqe tuta bilmir. Bu isə həm gənclərin sosial, həm də psixoloji vəziyyətinə mənfi təsir göstərir.