Bu il keçirilən qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan 10 abituriyent ali məktəblərə qəbul ola bilməyib. Onlardan 9-u IV qrup, 1-i isə III qrup üzrə imtahan verib.
“Tehsil365” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə İctimai Televiziyanın (İTV) “Xəbərimiz var” verilişində məlumat verib.
Onun sözlərinə görə, bu hal abituriyentlərin ixtisas seçimi ilə bağlıdır:
“Bəzən cəmiyyətdə həmin abituriyentlər yanlış seçim etdiklərinə görə qınanılırlar. Əslində isə onlar məqsədli abituriyentlərdir. Məsələn, tibbi ixtisası arzulayan şəxs yalnız həmin ixtisası yazıb, istəmədiyi ixtisası seçimdə qeyd etməyib. Qeyd edim ki, DİM ixtisas seçimi mərhələsindən əvvəl müsabiqə vəziyyətini təhlil edərək ictimaiyyətə təqdim etmişdi. Abituriyentlər rəqib sayına və plan yerlərinə baxmaqla seçimlərini daha dəqiq edə bilərdilər”.