Hüseyn Abbas oğlu Abbaszadə 1922-ci il noyabrın 22-də Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra İkinci Dünya müharibəsi başlananda orduya çağırılmış, 1941–1945-ci illərdə Şimali Qafqaz, Leninqrad, birinci və dördüncü Ukrayna cəbhələrində şərəfli döyüş yolu keçmişdir.”Tehsil365” Hüseyn Abbaszadə haqqında məlumatı oxuculara təqdim edir.
Müharibədən sonra, 1945–1950-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə “Pioner” jurnalında başlayan yazıçı, sonrakı illərdə “Göyərçin” jurnalında məsul katib və baş redaktor, “Ədəbiyyat və incəsənət” qəzetinin redaktoru olmuş, 1975–1991-ci illərdə isə Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifəsində çalışmışdır.
Yaradıcılığa müharibə illərində cəbhə qəzetlərində dərc etdirdiyi vətənpərvərlik mövzulu şeirlərlə başlamışdır. Sonrakı illərdə yazdığı hekayə, povest və romanları ilə müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutmuşdur. Onun “General” romanı iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun döyüş yolunu və Azərbaycan oğullarının qəhrəmanlığını parlaq şəkildə təsvir etmişdir.
Hüseyn Abbaszadənin lirik şeirləri əsasında bəstələnmiş mahnılar görkəmli müğənnilər tərəfindən ifa olunmuşdur. O, həmçinin tərcümə fəaliyyəti ilə Azərbaycan oxucularını dünya ədəbiyyatının seçkin nümunələri ilə tanış etmiş, əsərləri isə müxtəlif dillərə çevrilərək ölkəmizin hüdudlarından kənarda da yayılmışdır. Yazıçının memuar və publisistik yazılarında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarının obrazları əks olunmuşdur.
Azərbaycan ədəbiyyatının və mətbuatının inkişafındakı xidmətlərinə görə Hüseyn Abbaszadə bir sıra hərbi orden və medallarla, həmçinin “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Prezidentin fərdi təqaüdçüsü Hüseyn Abbaszadə 2007-ci il dekabrın 12-də, ömrünün 86-cı ilində vəfat etmişdir.