Avqustun 25-dən 28-dək Qarabağ Zəfərinin 5 illiyi münasibətilə Tərtər Olimpiya İdman Kompleksində “Gənc qazilərin yay düşərgəsi” təşkil olunub. Tədbirdə 22 rayondan ümumilikdə 60 nəfər iştirak edib. Onlardan 55-i Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirmiş qazilər olub. Düşərgədə həmçinin ən gənc Vətən müharibəsi qəhrəmanları Vüsal Yaqubov və Azər Abdullazadə də iştirak ediblər.
“Tehsil365” xəbər verir ki, düşərgə müddətində iştirakçılar üçün müxtəlif idman oyunları, intellektual və üzgüçülük yarışları, film nümayişi və stolüstü oyunlar təşkil edilib. Həmçinin ekskursiyalar çərçivəsində gənclər Şıxarx qəsəbəsində şəhidlərin xatirəsinə salınmış “Vətən bağı”nı, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə inşa etdikləri “Marağa 150” abidəsinin qalıqlarını ziyarət ediblər.
Düşərgə iştirakçıları həmçinin Dövlət Rəmzləri Muzeyində və Vətən müharibəsi dövründə Tərtərə atılmış qadağan olunmuş “Smerç” raketi nəticəsində dağılan Sahib İsmayılova məxsus ev muzeyində olublar.
Tədbir gənclərin və qazilərin birliyini gücləndirməklə yanaşı, onların vətənpərvərlik ruhunun daha da möhkəmləndirilməsinə xidmət edib.