Sentyabrın 3-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin Lənkəran regional bölməsinin birgə təşkilatçılığı ilə “İnkişaf Akademiyası” layihəsi çərçivəsində Lənkəran Böyük Bazar Cümə Məscidində “Dini tarixi abidələr mənəvi sərvətimizdir” adlı tədbir keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin Lənkəran bölgəsi üzrə qazısı, Böyük Bazar Cümə Məscidinin imamı Qəni Axundzadə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Lənkəran regional bölməsinin müdiri Qağayı Məmmədov və əməkdaşı, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin əməkdaşları və gənclər iştirak edib.
Tədbirdə çıxış edənlər yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi olan Cümə məscidinin tarixi və əhəmiyyəti barədə, həmçinin abidələrimizə sahib çıxmaq və gələcək nəsillərə ötürmək, Konstitusiyada təsbit edildiyi kimi tarix və mədəniyyət abidələrini qorumaq, mədəniyyət təsisatlarından istifadə etmək, mədəni, mənəvi, tarixi irsə qayğı göstərmək və hörmət etmək barəsində gənclərə maarifləndirici məlumatlar veriblər.
Qeyd edək ki, məscid 1864-cü ildə yerli dindarların və xeyriyyəçilərin vəsaiti hesabına tikilib. Memarı Usta Hadı olub.

